İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) ölkəmizdə avtomobil idmanının təşviqi istiqamətində daha bir layihə həyata keçirib və Bakıdan Lənkərana sürətli idman avtomobillərinin yürüşü təşkil olunub.
Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edib. Eləcə də layihənin sponsorları olan avtomobil dillerləri tərəfindən də təqdim olunan sürətli idman avtomobilləri yürüşə qatılıb. Qeyd edək ki, layihənin baş sponsoru Nazar Holdings, eləcə də sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar şirkətləridir.
Gözəl görüntüyə malik və xüsusilə də gənclər arasında böyük marağa səbəb olan sürətli idman avtomobillərini paytaxt sakinləri və şəhərimizin qonaqları yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin qarşısında da izləyə biliblər. İdman avtomobilləri Bakının cəlbedici məkanlarından keçərək Lənkərana yola düşüb.
Lənkəranda iştirakçılar üçün AAF tərəfindən xüsusi maarifləndirici və əyləncəli proqram hazırlanmışdı.
“Yürüş iştirakçıları Lənkəranda Heydər Əliyev adına parkda təşkil edilən “Avropa şəhərciyində” də olublar. Burada qonaqlar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edib.
AAF pilotlarının iştirakı ilə Lənkəran şəhərində drift şou da keçirilib. Avtomobilin idarə olunan sürüşməsi, həyəcan səsi ilə cəlb edən drift şou avtomobil həvəskarlarına adrenalin dolu hisslər yaşadıb.
Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının yürüş iştirakçıları üçün hazırladığı əyləncə proqramı təqdim olunub.
“Ən çox bəyənilən avtomobil” və “Ən maraqlı geyim tərzi” nominasiyaları üzrə seçilən iştirakçılar mükafatlandırılıb.
Yürüş iştirakçıları viktorinaya qoşularaq avtomobillər haqqında sualları da cavablandırıblar. Qaliblərə AAF və tədbirin sponsorları tərəfindən hədiyyələr verilib.
Lənkərana avtomobil yürüşü çərçivəsində Azərbaycan Avtomobil Federsiyasının əməkdaşları Lənkəran Şəhər Qarışıq Tipli Uşaq Evini də ziyarət edib, müxtəlif yaş qruplarından olan uşaqları hədiyyələrlə sevindirib, həm də onlar üçün nahar yeməyi təşkil edib. AAF tərəfindən Uşaq Evinə müxtəlif zəruri məişət avadanlıqları da verilib.
Eləcə də AAF Lənkəran şəhəri üzrə bütün şəhid və qazi ailələrinə, ümumilikdə 130 ailəyə sovqat payı göndərib.
Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyasının əsas fəaliyyət istiqamətlərinə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmini, avtomobil idmanının və avtomobil turizminin inkişafı, təhlükəsiz, ekoloji təmiz nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşkili, Azərbaycanda avtomobil sənayesinin inkişafına dəstək, müxtəlif növ avtomobil yarışlarının təşkili, peşəkar pilotların hazırlığına və onların beynəlxalq yarışlara qatılmasına dəstək kimi məsələlər daxildir.
Son illərdə AAF ölkəmizdə avtomobil idmanının inkişafı istiqamətində bir sıra layihələr keçirir. Bunların sırasında Offroad avtomobillərinin iştirakı ilə keçirilən layihələri, o cümlədən gənclər arasında kartinq yarışları, V1 challenge avtomobil yarışlarını və digərlərini qeyd etmək olar.