FIA-nın Beynəlxalq Turizm Alyansının (AIT) 125 illiyi Bakıdakı FIA həftəsinə təsadüf edib. Paytaxtımızda FIA həftəsi çərçivəsində AIT-in Baş Assambleyalarının toplantısı keçirilib. Avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) əsas məqsədi - beynəlxalq turizmin bütün növlərinin, ilk növbədə avtoturizmin inkişafına dəstək göstərməkdir. Birliyin üzvləri avtoturistlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi problemləri üzrə seminar və müşavirələrin təşkili, gömrük qaydalarının sadələşdirilməsi, yol və avtoşoselərin abadlığı kimi məsələlərlə məşğul olurlar.
Dekabrın 6-da həmçinin FIA Universitetinin məzunlarının toplantısı olub. FIA mobillik klublarının tam potensialını həyata keçirməyə kömək etmək məqsədi ilə 2011-ci ildə yaradılan FIA Universiteti milli, regional və qlobal səviyyədə üzv təşkilatları gücləndirməyə və yeni bilik və liderliyi bölüşməyə istiqamətlənib. Bakı toplantısında FIA Universitetinin növbəti məzunlarına sertifikatlar təqdim edilib.