23 Aprel tarixində Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Bakı Marşal Klubunun iştiraki ilə media nümayəndələri üçün təlim təşkil edilib. Təlimin keçirilməsində məqsəd yerli media nümayəndələrini Formula 1 yarışlarının ümumi qaydaları barədə həm nəzəri, həm də praktiki cəhətdən məlumatlandırmaqdır.
Tədbir çərçivəsində media nümayəndələri marşalların hazırlıq prosesi və yarış simulasiyası ilə tanış olublar. Təlimin praktiki hissəsində jurnalistlərə yarışın idarə olunması və yarış qaydalarının necə tətbiq olunduğu nümayiş edilib. Eyni zamanda qonaqlar üçün drift şou təşkil edilib.
Tədbir Su İdman Sarayının təşkilati dəstəyi ilə keçirilib. Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək.