Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib.
Festival çərçivəsində avtomobil sərgisi təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.
Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.