Cümə günü FIA-nın Bakıda keçirilən möhtəşəm Mükafatlandırma mərasimindən sonra avtomobil idmanı üzrə 2023-cü il çempionlarının və qaliblərinin mükafatlandırılması şənbə günü də davam edib. Mərasimdə FIA Rally & Circuit mükafatları təqdim olunub. 2022-ci ildə olduğu kimi, bu il də ralli yarışında müxtəlif nominasiyalarda qalib gələn pilotlar təltif ediliblər.
Mərasimdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem çıxış edərək FIA həftəsinə ev sahibliyi edən Bakıya qonaqpərvərlik və yüksək təşkilati işlərə görə minnətdarlığını ifadə edib.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov FIA-nın Bakıdakı tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn FIA prezidentinə, FIA ailəsinə və Azərbaycan Avtomobil Federasiyasına Bakıdakı tədbirə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Sonda AAF prezidenti Anar Ələkbərova FIA prezidenti Mohammed Ben Sulayem, 2023-cü il Formula 1 çempionu Maks Ferstappen, Red Bull komandasının direktoru Kristian Horner və Red Bull komandasının pilotu Serxio Peresin imzaları ilə hədiyyə təqdim olunub.