20 Noyabr tarixində Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Su İdmanı Sarayının təşkilatçılığı ilə Bakı Drift Kuboku turniri keçirilmişdir. Yarış həyəcan dolu anlarla yadda qalıb.
Tədbir çərçivəsində avtoidman həvəskarları üçün "Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar” və sportkarla "burnout” və drift şouları təqdim olunub.
Drift yarışlarının keçirilməsində əsas məqsəd, avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyən edilməsidir.
Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində yol təhlükəsizliyinin artırılmasına da töhfə vermiş olur.
Drift Kuboku turnirinin təşkil olunmasında Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Halqasının təşkilati dəstəyini göstərmişlər.
Yarış iştirakçılarını "Drift All Stars European Series” promouteri Nayl Qann, eləcə də Bəhreyn Avtomobil Federasiyasından dəvət olunmuş hakimlərdən ibarət münsiflər heyəti qiymətləndirirdi.
Bu ilki kubokun sahibi BMW E36 markalı avtomobili ilə Fəxri Gülməmmədov oldu. Qalibi təbrik edirik!