Avtomobillə yola çıxarkən nəyin baş verəcəyini, hansı “sürprizlərlə” üzləşəcəyinizi əvvəlcədən təxmin etmək qeyri mümkündür. Odur ki, hər cür arzuolunmaz vəziyyətə hazır olun. Peşəkar sürücü xüsusən uzun yolçuluqdan öncə mütləq avtomobilini texniki baxışdan keçirir, lazımi əşyaların avtomobildə olub – olmaması ilə maraqlanır. Hətta konkret siyahı tərtib edən və önəmli əşyaları səliqə ilə avtomobilə yığan sürücülər də az deyil. Bir sözlə, işinizi etibarlı tutun ki yolda əziyyət çəkməyəsiniz. Siyahıdan söz düşmüşkən, bu məqalədə yola çıxdığınız zaman götürməli olduğunuz əsas əşyalar barədə məlumat əldə edəcəksiniz. Beləliklə:
- Ehtiyat təkər
- Yanğınsöndürən balon
- Nasos
- Avtomobilin kitabı
- Təkər açarı
- Əlavə batareya ilə işə salmaq üçün kabel
- Qəza xəbərdarlıq üçbucağı
- Domkrat
- İlk yardım dəsti
Əlbəttə, yuxarıda qeyd olunan əşyalar əksər avtomobillərdə istehsalçı şirkət tərəfindən yerləşdirilir. Lakin yola çıxmazdan öncə həmin alətlərin sazlığını və ehtiyat təkərin hava ilə dolu olduğunu yoxlamaq mütləqdir. Həmçinin uzaq yol çıxarkən aşağıdakı alətləri də görürmək məsləhətdir:
- Alətlər qutusu
- Çoxfunksiyalı alət (Swisstool)
- Yapışqanlı lent (skotç)
- Fənər
- Qatlana bilən kürək (bel)
- Qalın kəndir
- Kibrit və ya alışqan
- Plastik su qabı
- Buz təmizləyici
- Nazik yorğan
- Polietilen paket
- Dəsmal
- Bir dəst əlavə paltar
- Vərəq
- İçməli su
- Qələm
- Salfet
- Parça əsgi
- Vedrə
- Əlcək
- Avtomobil üçün telefon adapteri
Yuxarıda qeyd olunan əşyaların avtomobildə olması uzaq yola çıxan sürücünün inamını və əminliyini daha da artırır. Nəqliyyat vasitəsində elə də böyük yer tutmayan həmin əşyalar bir sıra çətin vəziyyətdən sizi çıxara, hətta həyatınızı xilas edə bilər. Təbii ki, yuxarıdakı siyahıdan əlavə siz öz gün eynəyinizi, papağınızı, istədiyiniz qədər quru yeməklər, yağış və palçığa uyğun çəkmələr və s. kimi istədiyiniz şeyləri də götürsəniz yaxşı olar. Qeyd olunan ləvazimatlar xüsusən uzun yolçuluqda əl altında olmalı, gözlə görülə biləcək yerlərə səliqə ilə qoyulmalıdır. Həmin əşyalar sizə lazım olmasa da, yolda qalan sürücü həmkarınız üçün faydalı olar. Yadda saxlayın, peşəkar sürücü yalnız özünü deyil, başqalarını da düşünür.