Avtomobil turizmi fərdi və ya icarəyə götürülmüş avtomobillə dünya turuna çıxmaqdır. Bunu, idman turizminin bir növü kimi də izah etmək olar. Avtoturizmin iştirakçısı olmaq həm asan, həm də maraqlıdır. Odur ki, bu fəaliyyət növü yarandığı ilk gündən turizm həvəskarlarının diqqətini cəlb edib.
Avtoturizm haqqında ilk düşüncələr avtomobilin yaranması ilə başlayır. Hələ ilk nəqliyyat vasitələri kəşf olunduğu dövrdə onlara “turizm üçün maşın və araba” deyiblər. Avtomobillə ilk səyahtərlər də XX əsrin əvvəllərinə, başqa sözlə, avtomobil sənayesinin inkişaf etdiyi dövrə təsadüf edir. Dünyada avtomobil turizminin geniş inkişafı isə II Dünya müharibəsindən sonra baş tutdu. Məhz bu dövrdə avtomobil sənayesində əsil partlayış oldu. Nəticədə turist səfərlərinin dinamik inkişaf tempi müşahidə edildi. Həmin templə ayaqlaşmağa çalışan avtomobil şirkətləri fəal şəkildə nəqliyyat vasitələrinin yeni modellərini istehsal etməyə, dövlətlər isə geniş avtomobil yolları tikməyə başladılar.
Avtoturizm XX əsrin ortalarında ABŞ-da sürətlə inkişaf edib. Vətəndaşların həyat səviyyəsinin sürətlə yüksəldiyi, zəngin avtomobil sənayesinə malik və fərdi nəqliyyatla səyahətin geniş yayıldığı bu ölkə öz inkişaf dinamikasına görə SSRİ-ni, eləcə də Avropani geridə qoyurdu. Lakin soyuq müharibənin getdiyi həmin dövrdə qərbin hər hansı sahədə aşkar üstünlüyü xüsusən keçmiş ittifaq rəhbərliyini qane edə bilməzdi. Odur ki, SSRİ 1970-ci ildə əfsanəvi AvtoVAZ zavodunu yaradır. Volqada açılan həmin zavod ittifaqa daxil olan ölkələrin, o cümlədən Azərbaycanın avtomobil sənayesində böyük canlanmaya səbəb oldu. Aparılan islahatlar və qısa vaxt ərzində görülən işlər 70-ci illərin ortalarında öz bəhrəsini verdi. SSRİ-də sözün əsil mənasında avtomobil infrastrukturu yarandı, avtoturizmin ənənəsi formalaşdı. Həmin illər avtoturistlərin ən çox sevdiyi yerlərsə Baltika, Qafqaz yolları, Qara dəniz sahilləri idi. ABŞ, Kanada və Avropa ölkələrindən fərqli olaraq SSRİ-də avtoturizm siyasəti uzun müddət sırf ölkə daxilində aparılıb.