İlk tibbi yardım – qəza nəticəsində xəsarət almış insana göstərilən ilk tibbi köməkdir. Bu zaman əsas məqsəd təcili tibbi yardım maşını gələnədək yaralının həyatını xilas etmək, onun vəziyyətini nəzarətdə saxlamaqdır. Lakin ilk tibbi yardım heç də hər kəsin bacarmadığı və kifayət qədər operativlik, psixoloji hazırlıq, soyuqqanlıq tələb edən işdir. Təsəvvür edin, qəzaya uğrayan və ağır vəziyyətdə olan şəxsin həyatını xilas etməyə çalışırsınız. Bu zaman yol verəcəyiniz azacıq diqqətsizlik ya həmin insanın ölümünə, ya da ömürlük şikəst qalmasına səbəb olar. Çünki bir çox halda şüuru yerində olan, qanı belə axmayan şəxs də onurğa sümüyündən ciddi xəsarət ala bilər. Belə olan halda həmin şəxsin azacıq belə hərəkət etməsi təhlükədir. Məhz buna görə də, ilk tibbi yardımın nə dərəcədə önəmli olduğunu təsəvvür etmək elə də çətin deyil. Odur ki, hər bir sürücü ilk tibbi yardım qaydalarını az da olsa bilməli və həmin qaydalara maksimum əməl etməyə çalışmalıdır.
İlk tibbi yardım qaydaları
-
Yadda saxlayın ki, baş vermiş qəza hadisənin inkişaf istiqaməti sizin nə edəcəyinizdən asılıdır. Yəni qəzada xəsarət almış şəxs müəyyən zamandan sonra həyatını itirə də bilər, yol verdiyiniz diqqətsizlik üzündən gələcəyini əlil arabasında da keçirə bilər, əksinə sağalıb yenidən aktiv həyata qayıda da bilər. Bu üzdən sakitləşin və yol qəzasında xəsarət almış şəxsin ümumi vəziyyətini öyrənməyə çalışın. Əgər həmin insan danışa bilirsə onunla ünsiyyətdə olun. Beynin fəaliyyət göstərməsi ilk növbədə həmin insanın şüurunun ayıq olmasını, real vəziyyətə qiymət vermə bacarığını göstərir. Daha sonra ondan əllərini, xüsusən də ayaqlarını hərəkət etdirməyi xahiş edin. Əgər əl və ayaqlar normal hərəkət edirsə deməli onurğa zədələnməyib. Yox əgər həmin şəxs əzalarını tərpədə bilmirsə demək onurğa zədə alıb və bu, sizin işinizi daha da çətinləşdirəcək. Belə ki, onu tərpətmək, avtomobildən çıxartmaq (təbii ki, əgər yanğın baş verməyibsə) olmaz.
-
Əgər yaralı qanaxmadan əziyyət çəkirsə rezin juqutla, tənziflə qanı mütləq dayandırmağa çalışın. Əks halda yaralı qanaxmadan həyatını itirə bilər.
-
Xəbərdarlıq nişanı quraşdırmağı və qəza dayanma işıqlarını yandırmağı da unutmayın.
-
Mütləq Təcili Tibbi Yardıma zəng edin (103)
-
Əgər hər hansı sınığın olmasından şübhələnirsinizsə (yaralı həmin nahiyəni azacıq hərəkət etdirə bilsə də, aktiv hərəkət nəzərə çarpmır və ya həmin nahiyə gücsüz halda sallanır) həmin hissəyə çox əl vurmayın. Amma bu hissənin sabit qalması önəmlidir. Odur ki, iki çubuq parçası götürüb qolun üstünə və altına qoyun. Daha sonra sarğı ilə bağlayın. Bu halda sınmış sümük digər əzaları yaralaya bilməyəcək və ağrı qismən də olsa azalacaq.
İlk tibbi yardım edə bilmrsiniz?
Yadda saxlayın, hər bir sürücü İlk tibbi yardımı az da olsa bacarmalıdır. Yox əgər sizin ümumiyyətlə bu sahədə hər hansı məlumatınız yoxdur və üstəlik də yaralı insana yaxınlaşmaqdan qorxursunuzsa deməli aşağıdakı məsləhətlər məhz sizin üçündür:
-
Bilin ki, ilk tibbi yardımın ən böyük qaydası “zərər verməməkdir”. Başqa sözlə, qaş düzəltdiyiniz yerdə vurub gözü də çıxartmayın. Odur ki, vaxt itirmədən Təcili Tibbi Yardıma zəng edin
-
Ətrafdakı digər insanları, avtomagistralda isə digər sürücüləri saxlayıb, kömək etməsini xahiş edin
-
Təcili Tibbi Yardım maşını gələnədək hadisə yerində qalın. Axı əsas məqsəd yaralı insanın sağ qalmasına nail olmaqdır
-
Xəbərdarlıq nişanı quraşdırmağı da unutmayın
Əgər peşəkar sürücü adını qazanmaq istəyirsinizsə yalnız avtomobil idarə etmək azdır. Siz həm də ilk tibbi yardım qaydalarını mənimsəməli, bunun üçün müvafiq kurslara getməlisiniz. Avtomobildə ilk tibbi yardım çantası saxlamaq isə mütləqdir. Yadda saxlayın ki, həmin çanta gözlə görünə biləcək və istifadə etmək üçün münasib yerdə olmalıdır.