Bəzən normal off-road, bəzən də prototip off-road avtomobillərinin, o cümlədən kvadrasikllərin, baqqi tipli nəqliyyat vasitələrinin iştirakı ilə keçirilən bu cür turnirlər xarakter etibarı ilə ralli və off-road yarışlarının sanki vəhdətidir. Burda pilotlar qapalı dairələrdə nəyə qadir
olduqlarını ortaya qoyurlar. Lakin həmin yarışlar çətin keçilən marşrutlarda təşkil olunduğundan mübarizəyə adi avtomobillər qatıla bilməz. Odur ki, pilotlar yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinə üstünlük verirlər. Bununla belə, iştirakçılar arasında konkret yaş məhdudiyyəti qoyulmur. Birincilik uğrunda yetkinlik yaşına çatmış uşaqlar da iştirak edə bilər.
Off-road yarışları
Adından da məlum olduğu kimi, bu yarışlara off-road kateqoriyasına aid müxtəlif nəqliyyat vasitələri qatılır. Hər iştirakçı üçün start ayrıca verilir. Vaxt normasına görə bütün rəqiblərini qabaqlayan və marşrutu qaydaları pozmadan qət edən pilot turnirin qalibi hesab olunur. Bu tip yarışlar yalnız sürüşkən, daşlı, palçıqlı yollarda deyil, səhralıqda da təşkil edilir.
Avtomobillər müxtəlif kateqoriyalara bölünür. Bura modifikasiya edilməmiş, az modifikasiya olunmuş və yüksək modifikasiyaya uğramış nəqliyyat vasitələri daxildir. Bəzi turnirlərə isə baqqi tipli avtomobillər də qatılır.
Yarış ərzində azarkeşlər yüksək sürətin şahidi olmasalar da, marşrutun çətinliyi, bir çox halda pilotların üzləşdiyi təhlükəli vəziyyətlər mübarizəni maraqlı edir. Buna görə də iştirakçılar ciddi xəsarət almamaq üçün müxtəlif təhlükəsizlik vasitələrindən yararlanırlar. Əks halda həmin pilot diskvalifikasiya edilə bilər.
Məşhur off-road yarışlarından Amerikada keçirilən “World Series of Off-Road Racing” (WSORR), The Off Road Championship (TORC) çempionatını, Yeni Zelandiyanın “Taupo 1000”, Avropanın “Paris-Dakar” ralli-reydini, Skandinaviyanın “Formula Off Road” turnirini misal göstərmək olar.