Main Page >Interesting

Interesting

Elektromaqnitli avtomobillər

Tarix boyu sürücülərin yollarda üzləşdiyi ən böyük çətinliklərdən biri təkərin deşilməsidir. Dəmir parçaları, şüşə qırıntıları, mismar və s. bəzən xırda, bəzənsə ciddi problemlərə, hətta qəzalara səbəb olur. Əvvəllər sürücülər bu kimi hallarla daha tez-tez üzləşirdi. Səbəbsə həmin illərin ən geniş yayılmış nəqliyyat vasitəsi olan at arabalarının çoxluğu və atların nalından qopan mismarlar idi. Lakin XX əsrin 40-cı illərində yaradılan elektromaqnitli avtomobillər qeyd olunan problemi qismən aradan qaldırdı. İri maqnit lövhələrini daşıyan bu nəqliyyat vasitələri saatda 10 km. sürətlə hərəkət etməklə əvvəlcə ayda bir, sonra isə ildə bir dəfə küçələrə çıxırdı. 1957-ci ildə ABŞ-ın Oriqon ştatının yerli qəzeti yazırdı: “Elektromaqnitli avtomobilləri ildə ən azı bir dəfə küçələrdə görmək mümkündür. Yalnız ötən il ərzində US99 şossesində 6 dəfə təmizləmə prosesi həyata keçirilib. Nəticədə, yolun hər milindən orta hesabla 1 funt metal yığılıb”.

Əlavə edək ki, müasir dövrdə də dünyada elektromaqnitli avtomobillərdən istifadə edilir. Xüsusən yollarda qəza və ya təbii fəlakət baş verdiyi halda bu cür nəqliyyat vasitələrinə müraciət olunur.