Avtomobil dünyası daim öz yenilikləri ilə “sakinlərini” sevindirir. Bu günün avtomobillərini istər tərtibat, istər komfort, istərsə də sürət baxımından 15 il əvvəl istehsal olunanlarla müqayisə etmək olmaz. Lakin bu gün ən müasir, qabaqcıl avtomobillər arasında da sözün əsil mənasında açıq rəqabət gedir. Bu rəqabətdə bəzi şirkətlər aşkar liderdir və onların ortaya qoyduğu avtomobillər digərləri ilə müqayisə olunmur. Həmin şirkətlərdən biri, avtomobil dünyasının yeni ulduzu olan Tesla haqqında danışacağıq.
Tarixə doğru
2003-cü ildə əsası qoyulmuş “Tesla Motors” dünyada elektrikli avtomobil istehsalı ilə məşğul olan ən böyük şirkətdir. Təşkilat məşhur ixtiraçı Nikola Teslanın adını daşıyır. Əvvəllər bu şirkət avtomobil sənayeçiləri tərəfindən elə də ciddi qəbul olunmurdu. Onlar “Tesla Motors”un gərgin rəqabətdə davam gətirə bilməyəcəyini açıq şəkildə bildirir, şirkətlə əməkdaşlığa maraq göstərmirdilər. Lakin ilk gündən peşəkar fəaliyyəti ilə seçilən “Tesla Motors” təxminən 10 il sonra səhmdarlarına şad xəbər verdi. Şirkət tarixində ilk dəfə 2013-cü ildə səhmdarlarına mənfəət gətirdi.
Müasir dövr
2003-cü ildə yaradılmasına baxmayaraq “Tesla Motors” avtomobil bazarına ilk məhsulunu yalnız 2008-ci ilin əvvəlində çıxara bildi. Tesla Roadster adlanan bu model ona bəslənilən ümidləri doğrultdu və dünyanın tam elektriklə işləyən ilk idman avtomobili adını qazandı. Həmin avtomobilin satışa çıxarılması böyük səs-küyə səbəb oldu. Maraq doğuran ən böyük amil avtomobilin səsi ilə, başqa sözlə səssizliyi ilə bağlı idi. Mühərrikin səssiz vəziyyətdə çalışması sanki avtomobilin imkanlarından, onun sakit, lakin temperamentli daxili aləmindən xəbər verir, sürücüyə sirli aləm vəd edirdi. Model öz təbiəti ilə avtomobil idmanı həvəskarlarına gələcəyin avtomobil səsinin səssizlik olduğunu elan edirdi. Tesla Roadsterin ilk modeli 248 at gücünə malik mühərriklə təchiz olundu. Bu avtomobilin saatda 100 km. sürətlə hərəkət etməsi üçün 3,9 saniyə kifayət edir. Modelin 2010-cu ildə satışa çıxarılan Sports versiyası isə eyni işin öhdəsindən cəmi 3,7 saniəyə gəlir. Lakin təhlükəsizlik baxımından bu avtomobillərin maksimum sürəti 201 km. saatla məhdudlaşdırılıb. Tesla Roadster təxminən 2600 ədəd istehsal olunub və bu avtomobilin arzusunda olan müştərilər bir müddət gözləmək məcburiyyətində qalırlar. Şirkətin Tesla Roadster modelinə aid son buraxışılı 2012-ci ilin yanvar ayında olub.
“Tesla Motors”un rəsmi saytının verdiyi məlumata görə, Tesla Roadster bir kilometr məsafəni qət etmək üçün cəmi 0,4 meqacoul enerji istifadə edir. Başqa sözlə, avtomobil bir meqacoul enerji ilə 2,53 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobilin batareyasının effektivlik göstəricisi 86%-dir. Yəni, batareyanın verdiyi enerjinin 86%-i mühərrikə çatır.
Böyüyən imkanlar
Gələcək plan
Tesla Motorsun gələcək planları da maraqlıdır. Şirkətin həmtəsisçisi və hazırki baş direktoru Elon Muskun dediyinə görə, qurum gələcəkdə SolarCity şirkəti ilə sıx əməkdaşlıq edəcək. Bu əməkdaşlıq isə bir sıra yeniliklər ortaya qoyacaq. Mütəxəssislər SolarCity şirkətinin istehsalı olan günəş enerjisi panellərini avtomobilin damına və ya kapotuna yerləşdirməklə avtomobilin yanacaqsız hərəkət etməsini planlaşdırır. Yalnız günəş enerjisi ilə hərəkətə gələcək bu avtomobillər hər gün orta hesabla 80, bir ay ərzində isə 2400 kilometrdən çox məsafə qət edə biləcək.
Gizli plan
Şirkətin “Gizli plan” adlandırdığı bir strategiya var. Elon Musk şirkətin rəsmi saytında həmin strategiyanın 4 mərhələsini qeyd edir:
1. Tam elektrikli idman avtomobili istehsal etmək
2. Bundan əldə olunan gəlirin köməyi ilə daha ucuz avtomobil istehsal etmək
3. Daha ucuz avtomobilin satışından əldə olunan gəlirlə çox daha ucuz və hər kəsin ala biləcəyi avtomobil istehsal etmək
4. Bunların hamısından yararlanaraq sıfır emissiyalı elektrik generatorları düzəltmək
Hazırda şirkət bu planın ikinci mərhələsindən üçüncü mərhələsinə keçid dövrünü yaşayır. Tesla Model X-in satışa çıxarılması ilə şirkət üçüncü mərhələyə keçmiş olacaq. Model X-i ilk sifariş edənlər möcüzəli avtomobilə bu ilin sonunda qovuşacaqlar.
Bir sözlə, ilk illər onunla maraqlanmayan və rəqabətə davam gətirməyəcəyini düşünən şirkətlər bu gün Tesla Motorsla əməkdaşlığa can atır, onun imkanlarından yararlanmağa çalışır. Tesla Motors isə müştərilərini və sərmayəçilərini sevindirməkdə davam edir. Şirkətin əsas missiyası öz sürücülərini sükan arxasından qalxmadan ətraf mühitə daha da yaxınlaşdırmaqdır.