Main Page >Environment

Environment

Formula aləmində yenilik

Bu il start götürəcək Formula E yarışları yeni qaydalar əsasında keçiriləcək. Həmin qaydalara görə, mübarizə yalnız pilotlar deyil, azarkeşlər arasında da gedəcək. Belə ki, hər hansı yarışdan öncə fanatlar arasında səsvermə keçiriləcək. Nəticədə, azarkeşlərin daha çox səsini toplayan ilk 3 pilot turnirdə önəmli üstünlük qazanacaq. Həmin pilotların idarə edəcəyi bolidlərin imkanları 90 at gücü artırılacaq. Nəzərə alsaq ki, Formula E kateqoriyalı turnirlərdə bolidlərin mühərriki 180 at gücündə olur, deməli həmin üç pilot 270 at gücünə malik avtomobillərlə mübarizə aparmaq imkanı əldə edəcək. Bu isə böyük üstünlükdür. Səsvermə açıq şəkildə aparılacaq və turnirin startına təxminən bir saat qalmış dayandırılacaq.

Qısa məlumat:

 

Formula E (ing. FIA Formula E Championship) - açıq təkərli elektromobil avtomobillərin mübarizəsidir. Bu sinfə aid yarışların əsasını FİA 2012-ci ildə qoyub. Məqsəd elektriklə çalışan avtomobillərin gücünü və texniki imkanlarını sınaqdan keçirmək, həmin növ avtomobilləri keyfiyyətli şəkildə ictimaiyyətə təqdim etməkdir. Bununla da, FİA ətraf mühitə daha az ziyan vuran və havaya faktiki olaraq zərərli maddələr buraxmayan nəqliyyat vasitələrinin istehsalının artırılmasına çalışır. Formula E kateqoriyalı ilk yarış isə 2014-cü il sentyabrın 13 –də Çinin paytaxtı Pekində start götürəcək. Turnirdə ümumilikdə 10 komanda, 20 sürücü və 40 bolid iştirak edəcək.

 

Mübarizəyə qatılmaq üçün ilk olaraq Amerika Birləşmiş Ştatlarının “Dragon Racing” kollektivi qeydiyyatdan keçsə də, sonradan ərizəsini geri götürüb və turnirdə Britaniyanın “TrulliGP” komandası ilə birgə çıxış edəcəyini bildirib. Hazırda isə bu siyahıya “Virgin Racing” (Böyük Britaniya), “China Racing” (Çin), “Andretti Autosport” (ABŞ), “E.Dams” (Fransa), “Super Aguri” (Yaponiya), “Audi Sport ABT” (Almaniya), “Mahindra Racing” (Hindistan), “Venturi Grand Prix” (Monako) və digər kollektivlərin adı daxildir.

2014-2015-ci illəri əhatə edəcək bu ilki çempionat ümumilikdə 10 mərhələdən ibarət olacaq və Malaziya, Uruqvay, Argentina, ABŞ, Monako, Almaniya və Böyük Britaniyanın marşrutlarında təşkil ediləcək. Formula E mövsümünə 2015-ci il iyunun 27-də yekun vurulacaq.