Main Page >Automobile History

Automobile History

Avtomobil dünyasının ilk qurbanları

Avtomobil qəzalarının yaşı ən azı avtomobilin özü qədər qədimdir. Hələ ilk avtomobillər istehsal olunarkən heç kimin ağlına belə gəlməzdi ki, illər sonra milyonlarla insan məhz bu nəqliyyat vasitəsinin “qurbanı” olacaq.

 

Avtomobil dünyasının “ilk qurbanı” isə 44 yaşlı Bricit Driskoldur. Hadisə 1896-cı il, avqustun 17-də Londonda baş verib. Sürücü Artur Edsel idarə etdiyi avtomobillə yolu keçən iki uşaq anasını vurub. Nəticədə Bricit Dirskol aldığı xəsarətdən dünyasını dəyişib. Bu hadisə isə tarixdə ilk avtomobil qəzası kimi yadda qalıb.

Qəzaya səbəb yüksək sürət olub. Belə ki, həmin dövrün qanunlarına əsasən, sürücülər nəqliyyat vasitəsini saatda 4 mil sürətdən artıq olmamaq şərtilə idarə etməli idilər. Lakin İngilis-fransız avtomobil şirkətinin əməkdaşı Artur Edsel avtomobildə oturan xanımın diqqətini cəlb etməyə və nə qədər peşəkar sürücü olduğunu göstərməyə çalışıb. Elə bu üzdən də avtomobili iki dəfə artıq sürətlə idarə edib. Nəticədə, qəzadan qaça bilməyən A. Edsel yolu keçən Bricit Driskolu vurub. Bununla belə, altı saatlıq müzakirələrdən sonra  ölüm faktı bədbəxt hadisə kimi sənədləşdirilib və nə Edselə, nə də avtomobili istehsal edə şirkətə qarşı cinayət işi qaldırılıb. Hakim yalnız: «Bu hadisə bir daha təkrarlanmamalıdır» ifadəsini işlətməklə işini bitmiş hesab edib.

Ədalət təmsilçiləri həyatını itirmiş xanımı hətta günahkar da hesab ediblər. Bricit Driskolun mühərrikli nəqliyyat vaitələrinin hərəkəti barədə xəbərdarlığa məhəl qoymadığını deyən hakim onun sürətin deyil, ehtiyatsızlığın qurbanı olduğunu bildirib. Lakin həmin qərara etiraz edənlər də tapıldı. Onlar hadisəyə səbəb kimi yüksək sürət həddini və sürücünün təcrübəsinin az olduğunu göstərirdilər. Amma bu fikirlər məhkəmənin qərarını dəyişmədi. 

Avtomobil dünyasının “ikinci qurbanı” isə Meri Vard adlı həvəskar ixtiraçı oldu. 1969-cu il avqustun  31-də Meri buxarla işləyən nəqliyyat vasitəsini sınaqdan keçirməyi düşünür. Lakin bu təcrübə onun üçün uğursuz alınır. Belə ki, avtomobilin təkərləri kiçik maneəyə ilişir. Müvazinətini saxlaya bilməyən gənc xanım oturacaqdan yıxılır və avtomobilin altına düşür. Nəticədə, təkər onun boynunu qırır və Meri Vard dünyasını dəyişir.

 

Həmin tarixi hadisələrdən kifayət qədər zaman keçib. Həm avtomobillərin texniki imkanları, həm nəqliyyat vasitələrinin normal hərəkəti üçün yaradılan müasir infrastruktur, həm sürücülərin peşəkarlığı, həm də piyadaların intellektual səviyyəsi ötən əsirdə olduğu kimi deyil. Zaman keçir və bütün sahələrdə olduğu kimi, avtomobil dünyasında da yeniliklər, sürətli inkişaf tempi diqqəti cəlb edir.

 Lakin bununla yanaşı qəzalar da artır. Təhlükəsizlik tədbirlərinə, maarifçilik istiqamətində atılan addımlara baxmayaraq, hər il milyonlarla insan avtomobil qəzalarının qurbanı olur. Yaranmış acınacaqlı vəziyyətin ən böyük səbəbi isə yüksək sürətdir. Odur ki, istər piyada, istərsə də sürücü olaraq hər birimiz diqqətli olmalı, qəzadan qaçmaq üçün əlimizdən gələni etməliyik.