Baş səhifə >Təhlükəsizlik

Təhlükəsizlik

Sərxoş sürücü: Real təhlükə mənbəyi

Yol qəzalarının təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir.

İçki insanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. Odur ki, həyatınız sizin üçün qiymətlidirsə, içkili vəziyyətdə yola çıxmayın, yaxud ictimai nəqliyyatdan yararlanın.

 

Mütəxəssislərin fikrincə, spirtli içki insanların cinsinə, çəkisinə və sağlamlıq vəziyyətinə görə fərqli təsir göstərir. Məsələn, qadınlar kişilərə nisbətən içkidən daha tez təsirlənir. Digər məlumata görə, bir qədəh konyak, bir qədəh araq, iki badə şərab və ya iki parç pivə qəza riskini iki dəfə artırır. Əgər spirtli içkinin miqdarı artarsa, risk də artacaq. Yadda saxlayın ki, insan bədəninə daxil olan spirt tədricən qana sorulur və əsil təsirini bir saat keçdikdən sonra göstərir. Eşitmə, görmə, tarazlıq və refleks kimi zehni fəaliyyətlər, həmçinin insanda qorxu və məsuliyyət hissi zəifləməyə başlayır, sürücü yaranmış vəziyyətlə bağlı doğru qərar verə bilmir. Belə olan halda qəzaların baş verməsi də qaçılmazdır.

 

Faydalı məsləhətlər

Qeyd etdiyimiz kimi, içkili sürücü yalnız özü üçün deyil, ətrafdakılar üçün də real təhlükədir. Odur ki, peşəkar sürücü özünü bu cür “həmkarlardan” vaxtında qorumalı, kiminsə səhvinə görə yarana biləcək qəza hadisəsindən ustalıqla qaçmalıdır. İçkili vəziyyətdə avtomobil idarə edən sürücünü müəyyən etmək isə xüsusi bacarıq tələb etmir. Bunun üçün sərxoş sürücünün idarə etdiyi avtomobilin hərəkətində bəzi məqamlara fikir verməyiniz yetərlidir: 

 

· Avtomobil yolda bir xətt üzrə getmir

· Avtomobil həddən artıq sürətlə hərəkət edir

· Avtomobil həddən artıq aşağı sürətlə hərəkət edir

· Sürücü döngələrdə həddən artıq geniş bucaq götürür

· Sürücü sürət həddini tənzimləyə bilmir, avtomobili gah sürətlə, gah da yavaş idarə edir

· Sürücü demək olar ki, ara məsafəsi saxlamır, başqa sözlə, avtomobili başqa  nəqliyyat vasitəsinə çox yaxın məsafədə sürür

· Sürücü avtomobili yol kənarında nizamsız saxlayıb

· Sürücü gecə vaxtı avtomobilin fənərlərini (faralarını) yandırmır

 

Qeyd olunan hallardan ən azı birini müşahidə edirsinizsə, həmin sürücüdən şübhələnməyə dəyər. Odur ki, belə halda qaydalara görə özünüzün haqlı olduğunuzu düşünməyin, əksinə təhlükədən yayınmaq üçün avtomobilinizi vəziyyətə uyğun idarə edin. Əsas yolla hərəkət etsəniz belə, kənara çəkilin və yarana biləcək yol qəzasından özünüzü sığortalayın. Spirtli içki qəbul edib özünü riskə atan şəxsdən qaçmaqla həyatınızı qorumanız ən müdrik addımdır.