Baş səhifə >Təhlükəsizlik

Təhlükəsizlik

Biz kimi aldadırıq?

Qəza anında sürücünün həyatını qorumaq, onun daha az xəsarət almasını təmin etmək məqsədilə avtomobil istehsalçıları müxtəlif vasitələrdən istifadə edir. Bura, avtomobillərin dizaynında yumşaq plastik elementlərdən daha çox istifadə olunması, ön, arxa və yan şüşələrin tərkibi, xüsusən interyerdə liflərdən (moçalka) geniş istifadə və s. daxildir. Lakin təhlükəsizliyi təmin edən ən böyük vasitə hava yastığı və təhlükəsizlik kəməridir. Bu məqalədə məhz kəmərdən danışacağıq.

Etiraf edək ki, xarici ölkələrdə insanların geniş istifadə etdiyi təhlükəsizlik kəmərinə Azərbaycanda münasibət birmənalı deyil. Bəzi sürücülər cərimələrdən qorunmaq və ya Dövlət Yol Polisi əməkdaşlarının haqlı qınağına tuş gəlməmək üçün kəmər taxır. Hətta avtomobildə təhlükəsizlik kəməri olmayan və ya işləməyən sürücülərə də rast gəlmək mümkündür. Onlar DYP əməkdaşını görüncə və ya postlara çatmamış kəməri sadəcə olaraq üzərlərinə atır, bununla da yaranmış vəziyyətdən necə məharətlə çıxdıqlarını düşünürlər. Nə qədər gülünc və məntiqsiz görünsə də, bu, belədir. Görünür həmin sürücülər ya təhlükəsizlik kəmərinin əhəmiyyətini başa düşmür, ya da özlərini çox peşəkar və bütün hadisələrdən sığortalı hesab edirlər. Lakin unudurlar ki, qəzanın səbəbkarı siz yox, bir başqa sürücü də ola bilər.

 

Təhlükəsizlik kəmərinin əhəmiyyəti nədir?

Əziz sürücülər, təsəvvür edin, dünya avtomobil aləminin əsasını qoyan, brend markalar yaradan və bu gün də avtomobil istehsalında liderlik edən şirkətlər tarixən olduğu kimi, bu gün də təhlükəsizlik kəmərinə ciddi önəm verir. Elə bir nəqliyyat vasitəsi yoxdur ki, orda kəmər olmasın. Sizcə həmin şirkətlər və ya öz ixtiraları ilə dünyaya səs salan dahi şəxsiyyətlər bunu niyə edirlər? Hər il avtomobillərin yalnız təhlükəsizlik kəmərlərinin istehsalına böyük vəsait xərcləyən iş adamları bu qədərmi öz pullarına biganədirlər? Əlbəttə ki, yox. Avtomobildə quraşdırılan hər bir detal artıq olmadığı və nəyəsə xidmət etdiyi kimi, təhlükəsizlik kəməri də mühüm bir detal kimi ümumi interyerə əlavə olunur. Bu detalın ən böyük missiyası qəza zamanı sürücünün qabağa meyillənməsinə imkan verməmək, onun baş nahiyəsinin ön şüşəyə, döş qəfəsinin isə sükana dəyməsinin qarşısını almaqdır.

Mütəxəssislərin fikrincə, saatda 50 km. sürətlə hərəkət edən nəqliyyat vasitəsi divarla toqquşduğu zaman avtomobilin içərisində olan obyektlər də eyni sürətlə sükana, ön şüşəyə, qapıya və s. çırpılır. Belə olan halda, təsəvvür edin ki, qəzaya uğramış avtomobildə hava yastığı olsa belə sürücünün başı sürətlə və zərblə hava yastığına dəyir. Düzdür, yastıqlar kifayət qədər yumşaq olur və xəsarət alma riskini maksimum dərəcədə azaldır. Lakin sürətin təsirindən sürücünün və sərnişinin boyun nahiyəsi, həmçinin onurğa sümüyü ciddi zədə ala bilər. Təhlükəsizlik kəməri isə bədəni geri çəkməklə, tam zərbənin qarşısını alır və insanı bir növ ölümcül zədədən qoruyur.  Başqa sözlə, hava yastığı yalnız təhlükəsizlik kəmərindən istifadə olunduğu halda maksimum effekt verir. 

Adi halda təhlükəsizlik kəmərini əlinizlə çəksəniz, uzandıqca uzanacaq. Düşünməyin ki, kəmər mexanizmi xarab olub. Bu mexanizm sürətli hərəkət zamanı işə düşür. Qəza anında fəaliyyətə keçən kilidlənmə mexanizmi çarxların dönməsini və kəmərin boşalmasını əngəlləyir. Nəticədə, bəzilərinin əhəmiyyət vermədiyi kəmər yaralanmaq və ya ölmək riskini 50% - dək azaldır. Bir sözlə, həyatınız sizin üçün qiymətlidirsə, avtomobilə oturan zaman təhlükəsizlik kəmərini taxmağınız mütləqdir. Yalnız bundan sonra nəqliyyat vasitəsini işə salmaq və idarə etmək olar. Sizə uğurlu yollar arzulayırıq.