Baş səhifə >Təhlükəsizlik

Təhlükəsizlik

Yol hərəkəti haqqında qanunlar necə yaranıb

Tarixdə yol hərəkəti haqqında ilk qanunlar avtomobilin yaranmasından çox – çox sonralar meydana gəlib. Nəqliyyat vasitələrinin sürətlə artması səbəbindən yol hərəkətində sıxlığın, hətta özbaşınalığın yaranmasını görən mütəxəssislər çox keçmir ki, bu gün bütün dünyanın yararlandığı qanunları hazırlamaq qərarına gəlirlər. İlk olaraq bu addımı isə amerikalı alim Uilyam Felps İno atır. Onun 1900-cu ildə işləyib hazırladığı yol hərəkəti haqqında qanunlar qısa zaman ərzində bütün dünyaya yayılır. Maraqlısı isə odur ki, U. Felpsin özü həyatında bir dəfə də olsun sükan arxasında əyləşməmişdi. Bununla belə, müasir dövrdə avtomobil aləminin ayrılmaz tərkib hissəsi olan həmin qanunlarsız yol hərəkətini təsəvvür etmək sadəcə olaraq mümkün deyil. U. Felpsin daha bir kəşfi isə dairəvi hərəkətlə bağlıdır. Yol nəqliyyat hadisələrinin daha çox kəsişmələrdə qeydə alındığını görən amerikalı alim 1905-ci ildə avtomobillər üçün dairəvi hərəkət konsepsiyasını işləyib hazırlayır. Həmin tarixdən bu günə kimi yol hərəkəti qaydalarında şəraitə və zamanın tələbinə uyğun müəyyən dəyişikliklər həyata keçirilsə də, Uilyam Felpsin hazırladığı ilkin baza və alimin həyata keçirdiyi ideyalar hələ də öz aktuallığını saxlayır.