Baş səhifə >Yarış növləri

Yarış növləri

Kartinq miniatür avtomobillərin mübarizəsi

Müasir dövrdə peşəkar sürücülər və avtomobil həvəskarları arasında ən geniş yayılmış idman yarışlarından biri kartinqdir. Burda mübarizə benzinlə işləyən, arxa təkərləri ötürücü funksiyaya malik miniatür avtomobillər, başqa sözlə kartlar arasında gedir. Kartinq yarışları adətən kiçik traslarda təşkil olunur.

 

İlk belə yarış Amerika Birləşmiş Ştatlarında, daha dəqiq desək Şimali Kaliforniyada keçirilib. Kartinq maşınını kəşf edən şəxsin adı isə amerikalı alim Kurtis Kraftdır. Əvvəllər bu istiqamətdə atılan addımlar bir qədər primitiv və pərakəndə halda olsa da, sonralar azarkeşlərin böyük marağı təşkilatçıları kartinqlə peşəkar səviyyədə məşğul olmağa ruhlandırdı. Beləliklə də, tarixdə kart istehsal edən ilk müəssisə - “Go-Kart Manufacturing Co” şirkəti yaradıldı.

 

Hazırda əksər ölkələrdə kartinq üzrə dünya çempionatı keçirilir və bu cür yarışlar hər dəfə böyük marağa səbəb olur. Bir neçə sürücünün iştirak etdiyi kartinq turnirində əsas məqsəd sürəti düzgün tənzimləmək və sərt döngələrdən uğurla keçərək, finiş xəttinə birinci çatmaqdır. Bu cür yarışlar həm açıq, həm də qapalı arenalarda təşkil olunur.

 

İlk baxışdan adi görünən kartinq yarışları əslində kifayət qədər böyük pullar bahasına ərsəyə gəlir. Özü də miniatür hesab etdiyimiz bu avtomobillər sürətə görə müxtəlif növlərə bölünür. Məsələn, peşəkar idmançıların istifadə etdiyi superkartlar saatda 250 km sürətlə hərəkət edir. Əyləncə mərkəzlərində azarkeşlərin sürdüyü hobbikartlar isə elə də sürətli deyil. Onlar saatda 30 km yol qət edir. Adi kartlar 125 kubmetrlik mühərrikə sahibdir. Sürücü ilə birlikdə kartın ümumi çəkisi təxminən 160 kq-dır.

Geniş ictimaiyyət üçün nəzərdə tutulan və əyləncə mərkəzlərində istifadə edilən kartlar xüsusi modelə əsasən hazırlanır. Bu kartlarda təhlükəsizlik ön planda dayanır və onların ətrafına poladdan hazırlanmış qoruyucular quraşdırılır. Bundan əlavə, kartinq yarışlarında yaş məhdudiyyəti də var. Belə ki, beş yaşdan aşağı uşaqlar və ya sağlamlığı zəif olan insanlar kartinqə buraxılmır.

Kartinq avtoidman növləri içərisində ən çox maraq doğuran və geniş ictimaiyyətin aktiv iştirak etdiyi yarışlardan sayılır. Bu növ üzrə beynəlxalq turnirlər FİA (Beynəlxalq Avtomobil Federasiyası) və CİK ( Beynəlxalq Kartinq Komissiyası) təşkilatları tərəfindən təşkil edilir.