Baş səhifə >Yarış növləri

Yarış növləri

Trial Yarışları

Trial yarışları, off-road yarışlarının bir növü olub, dəqiq göstərilmiş marşrut üzrə maneələri dəf etmə yarışıdır. Bu yarış növü off-road həvəskarlının arasında xüsusilə populyardır. Məhz trial yarışları yalnız off-road avtomobillərinə xas qabiliyyətlərin nümayişi üçün əla imkandır. Müasir dövrdə avtomobillərin dəyərləndirilməsi əksərən at gücü, maksimum sürət, müəyyən sürət həddinə çatmaq üçün sərf edilən zaman kimi keyfiyyətlərin əsas meyar kimi nəzərə alınması ilə aparılsa da, trial yarışları əksər hallarda bu ketfiyyətlərə görə digər avtomobillərdən geri qalan off-road tipli nəqliyyat vasitələrinin xüsusi “istedadlarını” ortaya çıxarır.

 

Bu yarışda uğurlu nəticə əldə etmək üçün bir neçə vacib xüsusiyyətə diqqət yetirmək lazımdir. Bunlardan biri, avtomobilin texniki göstəriciləridir. Müxtəlif yarışlarda bir-birindən fərqli reqlamentlər və onlara əsasən bəzən bir-birinə uyğun olmayan təsnifat növləri mövcuddur. Off-road avtomobillərinin yarış üçün təkmilləşdirilmiş və ya “stok” (təkmilləşdirilməmiş) olmaları, təkmilləşdirilmə dərəcəsi kimi əsas meyarlar kateqoriyalara ayrılmada əsas rolu oynayırlar. Trial yarışı üçün təkmilləşdirilmiş off-road avtomobili, digərlərinə nisbətən daha yaxşı səthi tutma qabiliyyətinə malik olurlar. Onların əyləc sisteminin gücləndirilməsi də vacib modifikasiyalardandır.

 

Yaxşı nəticə göstərməyin ikinci əsas “açarı” sürücünün təcrübəsidir. Trial yarışlarında əsas tapşırığın maneələrin səhvsiz keçilməsi olduğuna görə, bu yarışlarda sürücünün təcrübəliliyi həlledici meyardır. Xüsusilə qarlı-buzlu şəraitdə keçirilən trial yarışlarında təcrübə meyarı özünü çox kəskin şəkildə büruzə verir və belə şəraitdə keçirilən trial yarışları xüsusilə çətin və maraqlı olmaları baxımından seçilirlər.

 

Yarışlarda tras qismində adətən palçıqlı, dərəli-təpəli yollar istifadə olunur. Məhz yarış ərazisinin digər avtomobil növləri üçün keçilməz olması, bu yarışı maraqlı edən əsas amillərdəndir. Yarışda maksimum sürət amili demək olar ki rol oynamır. Yekun nəticənin hesablanmasında trası başa vurmaq üçün sərf edilən zamanın əsas rol oynadığına baxmayaraq, bu yarışlar qətiyyən sürət müsabiqəsi kimi səciyyələndirilmir. Burada əsas məqsəd mümkün qədər az cəhd ilə maneələrin keçilməsidir. Trial yarışlarında çökəkliyə düşmə və oradan çıxma, kəskin enişlərlə enmə və kəskin dikləri çıxma zamanı çoxlu sayda uğursuz cəhdlərin şahidi olmaq mümkündür. Məhz maneələrin dəqiq keçilməməsi, hakimlər tərəfindən yekun nəticədən xal çıxılmasına və ya diskvalifikasiyaya gətirib çıxarır.

 

Yarış avtomobili qismində uğurlu nəticə göstərməsi mümkünsüz kimi görünən bəzi avtomobil modellərinin, trial yarışlarında xüsusilə uğurlu nəticə göstərdiyinin şahidi olmaq mümkündür. Rusiya istehsalı olan UAZ, Lada Niva, ABŞ istehsalı olan Hummer, Jeep Wrangler, İngiltərə istehsalı olan Land Rover kimi modellər, bu avtomobillərə misal olaraq göstərilə bilər.

 

Yük maşınları arasında keçirilən trial yarışları da kifayət qədər populyardır. Bu növ yarışlardan danışarkən Mercedes-Benz şirkətinin istehsalı olan Unimog adlı nəqliyyat vasitəsinin adını çəkmək yerinə düşərdi. Unimog xüsusilə keçilməsi çətin olan ərazilərdə yük daşınmasını həyata keçirmək məqsədi ilə istehsal olunmuş nəqliyyat vasitəsidir. Bu avtomobilin trial yarışlarındaki məharəti təqdirəlayiqdir. Avtomobilin ön və arxa hissələri insan bədənində olan oynaq sümüyünə oxşar bir mexanizmlə bir-birinə bağlanır. Bu mexanizmin yardımı ilə Unimog, adətən yük maşınına xas olmayan yüksək keçicilik qabiliyyətinə sahib ola bilib.

 

Off-road yarışları xüsusən də orta yaş təbəqəsinin marağına səbəb olur. Bunun əsas səbəbi kimi, yarışlarda sürətdən daha çox təcrübənin daha çox rol oynamasını göstərmək olar. Off-road yarışları adətən kommersiya məqsədləri güdmür və əksərən yarışlar regional, klub daxili, klublar arası səviyyədə keçirilir.