Baş səhifə >Avtomobil Tarixi

Avtomobil Tarixi

Böyük arzulara doğru kiçik addımlarla

Avtomobillər zaman-zaman müxtəlif formalarda və modellərdə ictimaiyyətə təqdim olunub. İstehsalçılar, avtomobil dünyasını idarə edən iri şirkətlər daha çox alıcı cəlb etmək məqsədilə sözün əsil mənasında mübarizə aparıblar. Bəziləri bu mübarizədə məğlub olaraq geri çəkilib, bəziləri isə hələ də beyin və ideya savaşının aktiv iştirakçısıdır. Bu cür avtomobil istehsalçılarından biri də “Morgan Motor Company”-dir.

 

İlk kövrək addımlar

Şirkətin əsasını ingiltərəli ixtiraçı Henri Frederik Stenli Morqan (1881-1959) qoyub. İlk dəfə 1909-cu ildə özü üçün üç təkərli avtomobil düzəldən Morqan bir il sonra şəxsi şirkətini yaratmaq qərarına gəlir. Məlumat üçün deyək ki, onun avtomobilləri əvvəlcə 4, daha sonra 8 at gücündə olub. Əslində həmin dövrdə çoxları belə düşünürdü ki, “Morgan” şirkəti avtomobil deyil, motosiklet istehsal edir. Çox güman ki, onun nəqliyyat vasitələrinin dizaynı, ən əsası isə avtomobilin adətən olduğu kimi 4 deyil, 3 təkər üzərində hərəkət etməsi belə düşünməyə əsas verirdi. Bu cür yanaşma şirkətin müştərilərini də qane edirdi. Çünki onlar çox asanlıqla Britaniya hökümətinin avtomobil vergisindən yayına bilirdilər. Lakin digər tərəfdən bu nəqliyyat vasitəsinin zəif komfortu, həddən artıq bahalı olması onu öz rəqibləri ilə mübarizədə geri salırdı. Odur ki, rəqabətə davam gətirmək üçün şirkətin konstruktorları avtomobilin dizaynında bəzi dəyişikliklər etdilər. Məsələn, 1911-ci ildən başlayaraq “Morgan Motors” dörd oturacaqlı “ailə” nəqliyyatını hazırladı. Bu hadisə şirkətin nüfuzunu və alıcı potensialını artırdı.

 

Böyük uğurlara aparan yol

1920-ci ildə şirkət yeni Aero modelini hazırladı.  Daha da təkmilləşdirilmiş bu model iki vallı sürət qutusu, starter, ön təkərlər üçün əyləc sistemi, güclü V-Twin mühərriki ilə təchiz olundu. Bu keyfiyyətlər nəqliyyat vasitəsinin sürətinə, ən əsası isə komfortuna ciddi təsir etdi. Odur ki, “Morgan” avtomobilləri artıq Brookland rallisində də rəqibləri üçün əsil başağrısına çevrildi. Hətta ralli hakimlərinin yekun qərarına əsasən, “Morgan” şirkətinə məxsus avtomobil digər iştirakçılardan fərqli olaraq yarışa bir dövrə geridən başlamalı idi.

Zaman keçir, “Morqan” avtomobilləri daha sürətlə inkişaf edir, dövrün tələblərinə, müasir quruluşa və imkanlara malik yeni nəqliyyat vasitələri istehsal olunurdu. 

 

Şirkətin həyatında yaşanan ən böyük dəyişiklik isə 1936-cı ildə baş verdi. Həmin il avtomobillər 4 silindirli mühərriklə təchiz olundu və 4-4 adı ilə “dünyaya göz açdı”. Uzun müddət “Morgan” markasının əsas modeli kimi müştərilərə təklif edilən bu seriya gözlənildiyi kimi böyük maraqla qarşılandı və avtomobil həvəskarlarının ürəyincə oldu.

Şirkət ikinci dünya müharibəsindən sonra daha böyük uğurlara imza atdı. 1950-ci ildə avtomobil həvəskarlarına “Morqan +4” modeli təqdim olundu. Bu dəfə avtomobil 100 at gücünə malik mühərriklə saatda 161 km. məsafə qət edirdi. Düzdür, həmin modelin istehsalı 1961-ci ildə dayandırılsa da, 24 il sonra, daha dəqiq desək 1985-ci ildə yenidən bərpa olundu və XX əsrin sonuna kimi davam etdi. “Morqan +4” üçüncü dəfə 2005-ci ildən istehsal olunmağa başladı. Proses bu gün də davam edir.

Morqan idman avtomobilləri sahəsində

Morqan idman yarışları üçün nəzərdə tutulmuş ilk avtomobilini 1964-cü ildə istehsal etdi və həmin model Morgan SLR adlandırıldı. Cəmi 4 il sonra isə həmin model daha da təkmilləşdirildi və “Morgan Plus 8” işıq üzü gördü. V 8 mühərriki ilə təchiz olunan həmin avtomobil 2004-cü ilə qədər istehsal olundu.

 

İdman yarışlarında qazanılan uğurlara gəlincə, “Morgan” şirkəti ötən əsrin 70-ci illərində önəmli turnirlərdə iştirak edib və müxtəlif titullara layiq görülüb. XX əsrin 80-90-cı illərində isə şirkət nisbətən az təcrübəyə malik sürücülər üçün 4/4, daha peşəkar sürücülər üçün Plus 4 və Plus 8 modellərini təqdim edib.

Daim yenilənən və daha çox alıcı toplamağa çalışan “Morgan” 2000-ci ildə Aero 8 və AeroMax modellərini hazırladı. AeroMax modeli ilkin olaraq məhdud sayda, cəmi 100 ədəd istehsal olundu. Lakin cəmi bir neçə ay sonra bu modelə olan marağı nəzərə alan istehsalçı şirkət AeroMaxın daha çox sayda buraxılmasına qərar verdi. Aero modeli isə 2008-ci ilin fevral ayından başlayaraq BMW B4,8 N62 mühərriki ilə satışa çıxarılır.

 

Zaman keçir, lakin “Morqan” şirkətinin yenilikləri tükənmək bilmir. Bir neçə il bundan əvvəl, daha dəqiq desək 2009-cu ildə şirkət ilk dəfə olaraq tam elektrikli avtomobili, Morgan LIFECar-ı (LIghtweight Fuel Efficient Car) təqdim etdi. 2011-ci ildə isə Morgan yenidən tarixi ənənəsinə qayıtdı və 60 il əvvəl olduğu kimi yenə də üç təkərli avtomobil istehsalına başladı. Yeni “Morgan 3” Cenevrədə təşkil olunan beynəlxalq avtomobil sərgisində nümayiş etdirildi. S&S şirkətinin mühərriki ilə təchiz olunan həmin nəqliyyat vasitəsi 4,5 saniyə ərzində sürət həddini 100-ə çatdırır. Avtomobilin maksimal sürət həddi isə 185-dir.

“Morgan Motor Company” müasir zövqə və tələblərə uyğun avtomobillərin istehsalını bu gün də davam etdirir. Bu şirkətin fəaliyyəti ilə bağlı ən böyük isə 1959-cu H.F.S. Morganın özü verib:

“Çevrilib ötən illərə nəzər saldıqda və səhvlərimə, həmçinin qələbələr

ə düzgün bucaqdan yanaşanda hiss edirəm ki, bütün bunlardan həzz almağı bacarmışam. Mən məşğul olduğum dövrdə avtomobil biznesi dünyanın ən maraqlı biznesi olub”