Dizayn sevərlərə Pininfarina adı yaxşı tanışdır. Pininfarina istər avtomobil istehsalında, istərsə də digər sahələrdə son dərəcə gözəl dizaynlar edən, düşünülnüş ideyalar verən şəxsdir. “Made In Italy” anlayışının müəllifi də Pininfarinadır.
Həyat və fəaliyyəti
Battista Pininfarina 2 Noyabr 1893-cü ildə dünya avtomobil sənayesinin mərkəzi hesab edilən İtalyanın Turin şəhərində anadan olub. Ailədə nə az, nə çox 11 uşaq tərbiyə alıb. Onlardan onuncusu olan Farina hələ körpəlikdən Pinin (kiçik, balaca) ləqəbi ilə çağırılıb. Sonradan bu ləqəbə onun soyadı da əlavə olunub. Beləcə, gələcəyin məşhur dizayneri Pininfarina kimi tanınmağa başlayıb. Onun ilk iş yeri qardaşına məxsus “Stabilimenti Farina” firmasıdır. 11 yaşından burda çalışan Battista dünya müharibəsində istifadə ediləcək təyyarələrin gövdə hissəsinin dizaynını hazırlayırdı. Lakin daim öz üzərində çalışan bu gənc oğlan parallel olaraq avtomobil dizaynını da öyrənməyə başlayır. Zaman keçir və Pininfarinanın bitib tükənməyən arzuları onu Amerikaya aparır.
Uğurlara aparan yol
Amerikada o, avtomobil sənayesinin vacib şəxsləriylə görüşüb, tanış olur. Onlardan biri də Henri Forddur. Çox keçmir ki, Battista Amerikada işləmək təklifi alır. Okeanın o tayında fəaliyyət onun həyat təcrübəsini və dizayn işinə olan marağını daha da artırır. Öz ölkəsinə artıq mütəxəssis kimi dönən Pininfarina 1930-cu ildə Turində “Carozzeria Pininfarina” şirkətini yaradır. Şirkətin əsas məqsədi hər avtomobilə möhtəşəm dizayn və rahatlıq bəxş etmək olur. Peşəkar fəaliyyət və gərgin əmək onu bütün dünyaya tanıtdırır və “Carozzeria Pininfarina” şirkəti İtalya ilə yanaşı digər ölkələrdən də maraqlı təkliflər alır.
İki mütəxəssis - Battista Farina və Enzo Ferrari arasında əməkdaşlığın yaranması yeni uğurlara yol açdı. Bu əməkdaşlıqdan doğan ən böyük uğur isə Ferrari kimi möhtəşəm avtomobilin meydana gəlməsidir. 1952-ci ildən başlayan bu işbirliyi dünya nəqliyyat sənayesinə bir çox möhtəşəm avtomobillər hədiyyə edib. Enzo Ferrari hazırladığı güclü mühərriklərlə, Pininfarina isə möhtəşəm dizaynı ilə ürəklərə yol tapıb. Təsadüfi deyil ki, Ferrari avtomobillərinin dizaynı son 50 ildə yalnız “Carozzeria Pininfarina” şirkətinə həvalə edilir. Özü də yalnız Ferrari deyil. Fiat-ın sahibi Qianni Anqel də Pininfarinanı dövrün ən böyük heykəltəraşı adlandırır.
Həyat bitsə də, uğurlar tükənmək bilmir
Lakin yaş öz işini görür. 1961-cı ildə təqaüdə çıxan Pininfarina yerini 25 yaşlı oğlu Serxio Pininfarinaya həvalə edir. Beş il sonra, daha dəqiq desək 1966-cı ildə isə Battista Pininfarina dünyasını dəyişir və bununla da dizayn aləmində Pininfarina erası başa çatır. Amma bu dahi şəxsiyyət dəyərli işlərinə görə İtaliya höküməti tərəfindən bir çox orden və medallarla təltif olunub.
Serxio Pininfarina isə layiqli övlad kimi atasının uğurlarını davam etdirir və zaman – zaman şirkətin daha da tanınması, beynəlxalq əlaqələrin daha da genişlənməsi istiqamətində önəmli addımlar atır. Hazırda “Carozzeria Pininfarina” şirkəti avtomobillə yanaşı, inşaat və digər sahələrdə də dizayn işləri həyata keçirir. Ferraridən başqa Maseratti, Alfa Romeo, Pejo, Lancia və digər dünya avtomobil markalarının dizaynını hazırlamaq missiyası hələ də Pininfarinaya həvalə olunur. Şirkətin hazırkı rəhbəri isə Serxio Pininfarinaın oğlu Paulo Pininfarinadır.