Baş səhifə >Avtomobil Tarixi

Avtomobil Tarixi

Klassik avtomobillər

Klassik avtomobillər uzun illərdən bəri öz şöhrətini itirməyən, əksinə zaman keçdikcə daha da artıran, bir sözlə, illərin köhnəldə bilmədiyi nəqliyyat vasitələridir. Bu avtomobillərin əsas özəllikləri ən azı 30-35 il əvvələ aid olması və az sayda istehsal edilməsidir. Onlardan daha qiymətli hesab olunanı isə kupe və kabriolet tipli klassik avtomobillərdir. Bu günümüzə qədər gəlib çıxan həmin nəqliyyat vasitələrinin ən önəmli xüsusiyyəti bütün detalların orijinal olmasıdır. 

1950-ci illərdən sonra texnologiyanın yüksək səviyyədə və dinamik inkişafı yeni-yeni ixtiralara yol açmaqla avtomobil sənayesinə də öz təsirini göstərdi. Hazırda istehsalçılar bir – birindən maraqlı, rahat, geniş imkanlara malik nəqliyyat vasitələrinin yaradılması uğrunda mübarizə aparır. Lakin bütün bunlara rəğmən klassik avtomobillərə maraq bu gün də var. Azərbaycanda da ara-sıra klassik nəqliyyat vasitələrinə rast gəlmək mümkündür.

 

Dünyanın ən dəyərli klassik avtomobillərinin istehsal tarixi 1925-1950-ci illərə aiddir. Həmin nəqliyyat vasitələri böyük radiatorlar və uzun mühərrik kapotları ilə xüsusi estetik görkəmə malikdirlər. Bu cür avtomobilləri bir zamanlar Rolls Royce, Bentley, Rispano-Suiza, Duesenberg, Bugatti, Mercedes-Benz, Alfa Romeo və s. kimi tanınmış markalar istehsal edib. 1950-1960-cı illərə aid amerikan avtomobillərinin də klassik avtomobillər dünyasında xüsusi yeri var.

 

Bunlardan Chevrolet və Chraysler həmin dövrün 1-ci sinif klassik avtomobil modelləri sayılmasa da kifayət qədər sevilib və azarkeş marağı toplaya bilib.

Klassik avtomobillər seriyasına Porsche, Ferrari, Maserati, Lotus və Jaguar kimi markaları, həmçinin Mercedesin 1950-ci illərdən sonra istehsal etdiyi kupe və kabriolet modellərini də əlavə etmək olar.

Həmin avtomobillər bu gün də bütün dünyada sevilir. Ümumiyyətlə, brend markalar öz tarixlərini qabartmaq və bununla da geniş təcrübələrini, nə dərəcədə etibarlı şirkət olduqlarını nümayiş etdirmək üçün bir zamanlar istehsal etdikləri klassik avtomobillərin üzərində restavrasiya işləri aparır, bu zaman həmin nəqliyyat vasitələrinin özəlliyini, dizaynını olduğu kimi saxlamağa çalışırlar.

 

Özü də həmin avtomobillər yalnız sərgilər üçün nəzərdə tutulmur. Onlar arasında yarışlar, müxtəlif səviyyəli yürüşlər də təşkil edilir. Bir sözlə, şirkətlər üçün tarixi köklər üzərində qurulan müasirlik həm şərəfli, həm də faydalıdır.