Baş səhifə >Təhlükəsizlik

Təhlükəsizlik

Hava yastığı həm qoruya, həm də xəsarət verə bilər

Hava yastığı - qəza zamanı sürücüləri zədədən qoruyan, bir çox halda onların həyatını xilas edən çox vacib vasitədir. Dünya hava yastığını 70-ci illərdə tanıyıb. 90-cı illərdə isə bütün nəqliyyat vasitələrində hava yastığının quraşdırılması şərt kimi irəli sürülüb.  

Təcrübə göstərir ki, qəza zamanı ən böyük zərbə başa və ya bədənin ön hissəsinə dəyir. Məhz bunu nəzərə alan avtomobil şirkətləri hava yastıqlarını da əsasən ön və yan hissələrdə quraşdırır. Əksər avtomobillərdə arxa oturacaqlar belə təhlükəsizlik yastıqları ilə təmin olunub ki, bu da ölüm və ya xəsarət alma riskini ən azı 50% azaldır.

Sistem avtomatik işə düşür. Qəza zamanı xüsusi yastıqlar hava ilə dolur, sürücü və sərnişinləri sanki öz ağuşuna alır. Bütün bu proses saniyənin onda birində baş verir. İnsan hava yastığına toxunan kimi həmin yastıqlar dərhal yığılır. Bu isə əks təsir effektinə, başqa sözlə insanın təzyiqlə geriyə atılmasına, boynundan zədə almasına imkan vermir. Beləcə, idarəsiz qalan bədən tam mühafizə olunur. Təsadüfi deyil ki, hava yastığı tətbiq olunan andan bu günə kimi milyonlarla insanın həyatını xilas edib.

    

Hava yastığı üç əsas hissədən ibarətdir:

1. İncə neylon ipdən hazırlanan yastığın özü

2. Yastığın vaxtında şişməsini təmin edən və avtomobilin ön tərəfində quraşdırılan qəbuledici

3. Şişirtmə sistemi

 

Hava yastıqları havanın və ya qazın təzyiqlə vurulması nəticəsində deyil, avtomobildə aşanan kimyəvi reaksiyanın təsiri ilə şişir. Həmin reaksiyanın əsas  maddəsi “NaN3”-dür. Normal temperaturda sabit qalan bu malekul isinincə dərhal reaksiyaya girir və nəticədə azot qazı yaranır. Reaksiya nəticəsində  natrium (Na) birləşməsi də ortaya çıxır ki, bu da çox reaktivdir. Belə ki, natruim su ilə reaksiyaya girdikdə bədənə, xüsusilə gözlərə, buruna və ağıza ciddi zərər verə bilər. Həmin təhlükənin qarşısını almaq üçün istehsalçılar kimyəvi reaksiyada natrium ilə birləşən kalium nitrat maddəsindən də istifadə edirlər. Bundan əlavə, hava yastığı çıxdığı an avtomobili xüsusi ağ toz bürüyür ki, bu maddə də mümkün qanaxmanın qarşısını alır. Bir sözlə, ani vaxtda baş verən prosesin insanlara xeyirdən başqa hər hansı mənfi təsiri yoxdur. 

 

Məlumat üçün deyək ki, hava yastığı saatda 300 km. sürətlə şişir. İçindəki təzyiqsə dəniz kənarındakı hava təzyiqinin təxminən 200 misli qədərdir. Bu yastıqlar Avropada 20-25 km/saat, Amerikada 10-20 km/saat sürətə həssasdır. Avtomobil aşağı sürətdə toqquşduğu an sistem dərhal aktivləşir.

Sürücülər bilməlidirlər ki, hava yastıqlarının iş prinsipini göstərən sistem SRS (Supplementary Restraint System - Əlavə Sabitləmə Sistemi) adlanır. Həmin sistemdə azacıq nasazlıq olarsa, avtomobildə SRS-in işığı yanacaq. Bu zaman sistemi söndürmək yox, vaxt itirmədən servisə müraciət etmək lazımdır.

Lakin nə qədər qəribə olsa da, bu yastıqlar bəzən qoruyucu yox, hətta öldürücü funksiya yerinə yetirə bilər. Əlbəttə ki, yuxarıda da qeyd etdiyimiz kimi, hava yastıqlarının avtomobildə quraşdırılmasında əsas məqsəd qəza zamanı insanların həyatını xilas etməkdir. Amma hava yastıqları uşaqlar üçün olduqca təhlükəlidir. Azyaşlıların sümükləri daha kövrək olduğundan həmin yastıqlar açıldığı an onların boyun sümüyünü belə qıra bilər. Odur ki, qabaq oturacaqda uşaqların əyləşməsinə qətiyyən yol vermək olmaz.

 

Səfər əsnasında hava yastıqlarının çıxma yerlərinə yad əşyaların, hətta əl və ayaqların qoyulması da yolverilməzdir. Qəza anında sürətlə şişən yastıqlar sizə ciddi xəsarət verə bilər.

Digər mühüm amil təhlükəsizlik kəmərindən istifadə ilə bağlıdır. Əziz sürücülər, təhlükəsizlik kəmərindən yol polisi əməkdaşları üçün deyil, özünüz üçün yararlanın. Təcrübə göstərir ki, hava yastığı qəza zamanı bəzi hallarda açılmır. Bunu heç kim sığortala bilməz. Bu zaman sizi həyata bağlayan ən böyük vasitə məhz təhlükəsizlik kəməri olacaq. Hətta hava yastığı işə düşsə belə kəmər sürücü və sərnişinlərin daha qabağa əyilməsinə imkan vermir, bununla da xəsarət alma riskini minimuma endirir. Odur ki, avtomobildə hava yastığı var deyə təhlükəsizlik kəmərindən istifadə etməmək sadəcə ağılsızlıqdır.