Baş səhifə >Yarış növləri

Yarış növləri

Formula 1

Formula 1 (F1) üzrə Dünya Çempionatı bir nəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik bu yarışlarda sürücülər “pilot”, avtomobillər isə “bolid” adlanır. İl ərzində müxtəlif ölkələrdə F1 üzrə mərhələ yarışları, başqa sözlə Qran Prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə Dünya Çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan Formula 1 Qran Priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. Formula 1 yarışlarını Jan Todtun rəhbərlik etdiyi FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

 

Tarixə qısa səyahət

Formula 1 yarışlarının yaranma tarixi XX əsrin 20-30-cu illərinə gedib çıxır. Həmin illər təşkil olunan Avropa Qran Pri turnirləri qısa müddət ərzində böyük marağa səbəb oldu. Lakin II dünya müharibəsinin başlaması ilə bu yarışlara da fasilə verildi. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan FİA, formula yarışlarına da yeni qaydalarla start verdi.

Bu növ üzrə ilk rəsmi dünya çempionatı isə 1950-ci il mayın 13-də, İngiltərənin Silverstoun trekində təşkil olundu. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə apardı. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn “Alfa Romeo”nun italyalı pilotu Cüzeppe Nino Farina F1 yarışının ilk qalibi kimi tarixə düşdü. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio oldu. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951, 1954, 1955, 1956 və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman vermədi.

Formula 1 tarixində ən çox çempionluq sevinci yaşayan pilot hələ ki, Mixael Şumaxerdir. Almaniyalı sürücünün aktivində 7 çempionluq var. Şumaxerlə yanaşı, əfsanəvi pilotlardan Ayrton Senna, Xuan Manuel Fanxio, Ceyms Hant, Stirlinq Moss, Alberto Ascari, Niki Lauda, Alan Prost və digərlərinin adını çəkmək mümkündür. Formula 1-də daha çox uğur qazanan komandaların siyahısına isə Ferrari, McLaren, Williams və Mercedes kimi kollektivlərin adı daxildir. Öz nüfuzuna görə dünyanın ən baxımlı idman növlərindən, maraqlı mübarizələrdən sayılan F1 yarışlarına qatılmaq isə heç də asan başa gəlmir. Sürücülər Qran Pri turnirində çıxış etmək üçün super lisenziya almalıdırlar ki, bu lisenziya da hər pilota verilmir. Yalnız digər önəmli yarışlarda uğur qazanan və öz komandası ilə normal münasibət saxlayan, FİA qaydalarına əməl edən sürücülər Qran Pri turnirinə qatıla bilərlər.

 

Texniki göstəricilər
Formula 1-i maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən F1 üzrə ilk dünya çempionatında azarkeşlər 2-ci dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izlədilər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. texxHər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilib. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrün tələblərinə uyğun dəfələrlə yenilənib.

Sonuncu dəfə, 2014-cü ildə avtomobillərə 1.6 litrlik V6 turbo mühərriki, həmçinin ERS ( Energy Recovery Systems) sistemi quraşdırılıb. Həmin sistem avtomobilə əlavə 160 at gücü verir ki, bu da daha sürətlə hərəkət etmək və qələbə qazanmaq baxımından önəmlidir. Komandalar və konstruktorların yenilik, sürət və qələbə uğrunda mübarizəsini FİA tənzimləyir. Beynəlxalq Avtomobil Federasiyası yarış qaydalarında müəyyən dəyişikliklər etməklə turnirin daha şəffaf və sağlam keçirilməsini, həmçinin pilotların təhlükəsizliyini təmin edir. Yeni qaydalara əsasən, yarışda çıxış edən avtomobillərin çəkisi minimum 642, maksimum 691 kq olmalıdır. Nəqliyyat vasitəsində 8 pilləli ötürmə qutusundan istifadə edilməlidir. Qeyd olunan prinsiplərin əsas məqsədi yarışın yalnız gərgin və maraqlı deyil, həm də təhlükəsiz və ümumi normalara uyğun şəkildə təşkilini təmin etməkdir.