Baş səhifə >Yarış növləri

Yarış növləri

Avto Drag Yarışı

Avto drag rekord vurma yarışlarının maraqlı növlərindən sayılır. Turnirin reqlamentinə əsasən,  iki eyni gücə malik mühərrikli avtomobil 400 metr uzunluqlu qısa və düz yolda yan-yana start götürməklə mübarizə aparır. Finiş xəttini ilk keçən avtomobil isə turnirin qalibi olur. Burda avtomobillərin sürəti ilə yanaşı turnir əzrində qeydə alınan keyfiyyətlər də əsas götürülür. Həmin keyfiyyətlər siyahısına avtomobilin növü, mühərrikin həcmi, eləcə də mühərrikin gücünü artıran vasitələr, yanacaq sərfiyyatı və s. daxildir. Avto drag yarışları 5 qrup üzrə təşkil edilir.

 

1-ci yarış qrupunda mühərriklərində heç bir dəyişiklik və ya gücləndirmə vasitəsi olmayan avtomobillərdən istifadə edilir.

2-ci qrup yarışlar mühərrikində kiçik dəyişikliklər və ya gücləndirmələr olan avtomobillər arasında təşkil edilir.

3-cü qrup yarışlar turbo mühərrikli avtomobillər arasında keçirilir. Ancaq bu zaman mühərrikin gücünə müəyyən məhdudiyyətlər qoyulur. Mübarizə isə yalnız 300-400 at gücünə malik avtomobillər arasında təşkil edilir.

4-cü qrupa aid yarışlarda azarkeşlər həddindən artıq güclü mühərrikə malik avtomobillərin mübarizəsini izləyirlər. Bu avtomobillərdə mühərrikin gücünə hər hansı məhdudiyyət qoyulmur. Əksinə, mühərrikə NOS (Nitrous Oxide system) əlavə edilir ki, bu da avtomobilə əlavə 100 at gücü verir. Mühərrikin dözümlü olması üçünsə ona polad silindirlər quraşdırılır, həmçinin ümumi silindir həcmi artırılır.

Nəhayət, 5-ci qrup yarışlarda xüsusi hazırlanmış avtomobillərdən istifadə edilir. Bu avtomobillərin mühərrikinin gücü 800-2000 at gücü arasında dəyişir və avtomobilin arxa təkərləri 1,5 metr hündürlükdə olur.

 

Drag yarışlarında hər mübarizə iki sürücü arasında gedir. Qalib pilot növbəti mərhələyə vəsiqə qazanır. Reqlamentə əsasən, sürücü yarış ərzində qayda pozuntusuna yol verərək, rəqibin yoluna çıxarsa, turnirdən xaric edilir. Mübarizəyə “Christmas tree” (Yeni il ağacı) adı verilən işıqforun yaşıl işığının yanması və ya bayraqla start verilir. Bu zaman ildırım sürəti ilə irəliləyən pilotların əsas məqsədi finiş xəttinə birinci çatmaqdır. Müasir dövrdə Avto drag avtomobil yarışları arasında böyük marağa və azarkeş ordusuna malik turnirlərdən sayılır. Yarış ərzində hər hansı qaraj və ya pit-stoplardan istifadə olunmur. Avtomobilin təmiri və ya detalların dəyişdirilməsi prosesi tamaşaçıların gözü qarşısında baş verir. Əlavə edək ki, Avto drag yarışları əsasən Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və bəzi Avropa ölkələrində məşhurdur.