TURİNQ YARIŞLARI

Turinq yarışları avtomobil idmanının ən məşhur növlərindəndir. Statistikaya görə, Formula 1 yarışlarından sonra ikinci ən çox azarkeşi olan avtomobil idman növü məhz turinqdir. Bu növ yarışı məşhur edən əsas səbəblərin sırasında, avtomobillərin yüksək modifikasiya səviyyəsi, yarışlar əsnasında Formula 1 yarışlarından daha çox ötmənin olması və s. kimi səbəblər göstərilir.

Turinq yarışları, qapalı dairə traslarda keçirilir, yarışçılara eyni anda start verilir və yarışın şərtlərində göstərilmiş dövrə sayını tamamladıqdan sonra qaydaları pozmadan finiş xəttini ilk keçən yarışçı qalib hesab olunur.

Turinq avtomobilləri kifayət qədər güclü modifikasiyaya uğradılırlar. Buna mühərrikin, əyləc sisteminin, təkərlərin və s. sistemlərin təkmilləşdirilməsi aiddir. Lakin turinq avtomobillərinin aerodinamik dizaynında dəyişikliklər o qədər də çox olmur. Bunun əsas səbəbi təşkilatçıların xərcləri azaltmaq niyyətidir. Aerodinamika sistemlərinə çox pul xərclənməsinin qarşısını almaq məqsədi ilə, yarış təşkilatçıları əksər aerodinamik dəyişikliklərə məhdudiyyətlər qoyurlar. Bir digər məhdudiyyət isə işlədilən təkər növünə və miqdarına aid edilir. Komandalar daha yaxşı nəticə göstərmək üçün təkərlərə böyük vəsait xərcləməsinlər deyə, bir çox avtomobil yarışlarında olduğu kimi, turinq yarışlarının təşkilatçıları da istifadəsi məcbur təkər növü və miqdarı yönündə məhdudiyyətlər qoyurlar.

Məşhur turinq yarışlarına misal olaraq FIA World Touring Car Championship (WTCC), hər il Böyük Britaniyada təşkil etdilən British Touring Car Championship (BTCC), Almaniyanın Deutsche Tourenwagen Meisterschaft (DTM), Nürburgring VLN dözümlülük yarış seriyası, STCC - Racing Elite League, Avstraliyada keçirilən V8 Supercars və s. kimi dünyaca məşhur yarışları göstərmək olar. Bir çox turinq yarış seriyalarının proqramlarına dözümlülük yarışları da daxil edilir.