TEXASDA YARIŞ TAMAMLANDI

Amerika Birləşmiş Ştatlarında 2017 FİA Dünya Dözümlülük Çempionatının növbəti, sayca 6-cı mərhələsi keçirilib. Yarışda bir neçə komanda ilə təmsil olunan “Porsche” kollektivinin iki heyəti uğurlu çıxışla yadda qalıb. Qələbəni isə tərkibi Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən ibarət “Porsche 2” kollektivi bayram edib. Onların yekun nəticəsi 6 saat, 52.444 saniyə olub. “Porsche”nin digər təmsilçisi - Nil Yani, Andre Lotterer və Nik Tendi triosu (6:00:52.720) isə ikinci yerlə kifayətlənib. Heyəti Sebastyen Buemi, Entoni Devidson və Kazuki Nakadzimadan (6:01:14.400) ibarət “8 Toyota Gazoo Racing” komandası ilk üçlüyü qapayıb.

Texas mərhələsindən sonra ümumi nəticədə liderlik “Porsche” 2 kollektivinə məxsusdur.

FİA Dünya Dözümlülük Çempionatının növbəti mərhələsi, “6 saat Fudzi” yarışı oktyabrın 15-də Yaponiyada baş tutacaq.