TƏHLÜKƏLİ SELFİ TENDENSİYASI

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olur ki, ictimaiyyətin sosial şəbəkələrə marağı durmadan artır. Xüsusən də, gənclər arasında telefonla şəkil çəkmək uğrunda bir növ mübarizə gedir. İlk baxışdan burda hər hansı problem yoxdur. Lakin məsələnin acınacaqlı və problemli tərəfi ondan ibarətdir ki, həmin şəkillərin bir hissəsi sükan arxasında olarkən çəkilir. Mütəxəssislər 2 min sürücü arasında aparılan araşdırmaların yekunu olaraq bildiriblər ki, avtomobil idarə edərkən telefonla öz şəklini çəkən şəxslərin 9 faizi 18-24 yaşlı gənclərdir. Sürücülərin 8 faizi isə yalnız şəkil çəkməklə kifayətlənmir və öz şəkillərini Twitter səhifəsində yerləşdirir. Digər 5 faiz sürücü İnstagrama üstünlük verir. Bəzi gənclər isə hər iki sosial şəbəkədən eyni anda, özü də imkan daxilində operativ yararlanmağa çalışır.

Nə qədər qəribə də olsa, bəziləri sükan arxasında yol verilən belə hərəkətlərin təhlükəsini və məsuliyyətini lazımı qədər anlamır. Əslində isə bu, bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda ciddi qayda pozuntusudur və sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı kifayət qədər ağır cərimələr tətbiq edilir. Lakin istənilən sərt mübarizəyə rəğmən, mövcud problemi bu gün də tam olaraq aradan qaldırmaq mümkün deyil. Yol hərəkəti təhlükəsizliyi mütəxəssislərinin fikrincə, sürücülərin 57 faizi cərimə olunmasına baxmayaraq, imkan düşən kimi yenə də köhnə vərdişlərindən əl çəkmir. Məlumat üçün deyək ki, yalnız 2010-cu ildə sosial şəbəkələrə 10 mindən çox selfi yüklənib. Həmin şəkillər sükan arxasında olarkən çəkilib. Araşdırmalar zamanı o da məlum olub ki, bu şəkilləri sürücülər müxtəlif psixoloji durumda olarkən çəkirlər. Bunu həmin şəkillərə qoyulan adlardan da müəyyən etmək olar. Məsələn: #bored (darıxdırıcı), #dangerous (təhlükəli), #LuckyWeDidntCrash (Bəxtimiz gətirdi qəza etmədik), #LookMaNoHands (Baxın, idarəetmədə əlimdən istifadə etmirəm) və s. Həmin sözlər isə sürücünün yalnız şəkil çəkdirdiyi zaman deyil, ondan əvvəl də avtomobilə və yola nəzarət etmədiyini, fikrinin dağınıq olduğunu göstərir. Bu isə təkcə o şəxsin deyil, ümumilikdə ictimaiyyətin problemi kimi izah olunur. Çünki sükan arxasında əyləşən sürücü yalnız öz həyatı üçün məsuliyyət daşımır. Onun yol verdiyi səhv digərlərinin də həyatına son qoya bilər.

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər