Sİnqapur uğuru və L. Hamİltonun qələbələrİnİn sİrrİ

Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsi arxada qalıb. Dünyanın ən güclü pilotları bu dəfə Sinqapurda bacarıqlarını nümayiş etdiriblər. Qələbəni isə çoxlarının gözlədiyi kimi, Lyuis Hamilton qazanıb. “Mercedes” təmsilçisi bununla da mövsümdə 7-ci, karyerasında isə 69-cu qələbəsinə imza atıb və ümumi sıyahıda liderlik mövqeyini bir qədər də möhkəmlədib. Hazırda onun aktivində 281 xal var.

Digər nəticələrə gəlincə, “Red Bull Racing” komandasının üzvü Maks Verstappen finişə ikinci çatıb. “Ferrari” pilotu Sebastyan Fettel isə üçüncü yerlə kifayətlənib.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında jurnalistin “Siz bir neçə mərhələdir ki, ardıcıl olaraq uğurlu nəticələrə imza atırsınız. Komandanın qələbələrinin sirri nədədir?” sualına L. Hamilton belə cavab verib: “Düzünü desəm, Sinqapur mərhələsi üçün xüsusi olaraq hazırlaşmamışdıq və bolidə hər hansı texniki yenilik əlavə edilməmişdi. Əlbəttə, maşının daha sürətli olması üçün komanda daim çalışır. Lakin məhz Sinqapur mərhələsi üçün hansısa yeniliyə əl atmamışdıq. Ümumiyyətlə, hesab edirəm ki, biz son bir neçə mərhələdə bacardığımızdan da yüksək nəticələr əldə edirik və bu, mükəmməl hissdir. Mən indi komanda toplanışından gəlirəm. İnanın, kollektivin hər bir üzvündə yüksək enerji var. Bu hiss məni daha da ruhlandırır. “Mercedes”də artıq 6 ildir ki, çalışıram. İndiyənədək “Bu mərhələni tez bir zamanda bitirsəydik”, yaxud “Nə qədər udmaq olar axı?” kimi yanaşma heç zaman olmayıb. Odur ki, kollektiv hər mövsümdə olduğu kimi, bu il də yalnız qələbə uğrunda mübarizə aparır”.  

Yeri gəlmişkən, 15-ci mərhələdə əldə edilən qələbədən sonra L. Hamilton ümumi sıralamada ən yaxın rəqibi S. Fettellə aralarında olan xal fərqini 40-a çatdırıb. Sinqapurda yalnız 5-ci yerlə kifayətlənən finlandiyalı Kimi Raykkonen isə 174 xalla siyahıda üçüncüdür.

Növbəti mərhələ 28-30 sentyabr tarixlərində Soçidə keçiriləcək.


2018 Sinqapur Qran-prisi 
1 Lyuis Hamilton Mercedes
2 Maks Verstappen Red Bull Racing 8.961
3 Sebastyan Fettel Ferrari 39.945
4 Valtteri Bottas Mercedes 51.930
5 Kimi Raykkonen Ferrari 53.001
6 Daniel Rikkardo Red Bull Racing 53.982
7 Fernando Alonso McLaren 1:43.011
8 Karlos Saynz Renault 1 dövrə
9 Çarlz Leklerk Sauber 1 dövrə
10 Niko Hulkenberq Renault 1 dövrə
11 Markus Eriksson Sauber 1 dövrə
12 Stoffel Vandorn McLaren 1 dövrə
13 Pyer Qasli Toro Rosso 1 dövrə
14 Lens Stroll Williams 1 dövrə
15 Romayn Qrojan Haas 1 dövrə
16 Serxio Perez Racing Point Force India 1 dövrə
17 Brendon Hartli Toro Rosso 1 dövrə
18 Kevin Maqnussen Haas 2 dövrə
19 Sergey Sirotkin Williams 2 dövrə
      Esteban Okon Racing Point Force India 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər