SAĞLAMLIQ ÖZÜMÜZDƏN BAŞLAYIR

Avtomobil ətraf mühiti çirkləndirən, ekologiyaya ziyan vuran ən böyük vasitədir. Bu təsirin qarşını almaq hardasa mümkünsüz görünsə də, onu azaltmaq istiqamətində konkret addımlar atılır, proqramlar hazırlanır, müxtəlif layihələr həyata keçirilir.

Müasir dövrdə vəziyyətin ciddiliyini nəzərə alan avtomobil istehsalçıları da müxtəlif innovativ tədbirlərlə ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çalışırlar. Beynəlxalq təşkilatlar da məsələyə biganə yanaşmır, konkret təkliflərlə çıxış edirlər. Məsələn, Avropa Birliyinin 2020-ci il üçün hazırladığı proqramın əsas məqsədi avtomobillərin yanacaq sərfiyyatını azaltmaqdır. Həmin proqrama əsasən, benzinlə işləyən avtomobillər 100 km. məsafəyə 4.1 litr, dizellə işləyən avtomobillər isə 3.6 litr yanacaq yandırmalıdır. Bu gün qeyd olunan rəqəmlər nə qədər utopik görünsə də, aparıcı avtomobil istehsalçıları həmin məqsədə doğru kifayət qədər inamla addımlayır. Misal olaraq, BMW şirkəti “Efficient Dynamics” adlandırdığı proqrama əsasən, son illər istehsal etdiyi avtomobillərin yanacaq sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaldıb. Şirkətin 2009-cu ildən istehsal etdiyi 118d (E87) dizel mühərrikli avtomobili 100 km məsafəyə cəmi 4,5 litr yanacaq istifadə edir. Nəzərə alsaq ki, həmin nəqliyyat vasitəsinin mühərriki 143 at gücünə malikdir, o zaman qeyd olunan göstərici kifayət qədər normal hesab oluna bilər. Wolkswagen şirkətinin məhsulu olan və 160 at gücünə malik VW Jetta 1.4 TSI modeli də 100 km məsafəyə cəmi 6 litr benzin yandırır.

Avtomobil istehsalçıları son illər hibrid mühərrikləri hazırlamaqla mövcud problemin qarşısını az da olsa almağa çalışırlar. Məsələn, Mercedes-Benz şirkətinin təqdim etdiyi E 300 BlueTEC Hybrid modeli həm yanacaq sərfiyyatını kifayət qədər azaldır, həm də tələb olunan sürəti bir göz qırpımında yığmağı bacarır. Rəqəmlərin dili ilə desək, avtomobil saatda 100 km sürəti cəmi 7,5 saniəyə yığır. Özü də, E 300 BlueTEC Hybrid modeli 100 km məsafəyə cəmi 4,2 litr yanacaq sərf edir. Nəqliyyat vasitəsinin maksimal sürəti isə 241 km. saatdır. Mütəxəssislərin fikrincə, bu, avtomobil dünyasında yeni eranın başlanğıcıdır. Lakin ən yeni era avtombillərin tamamilə elektrikli mühərriklərlə işləyəcəyi dövr olacaq. Artıq bu istiqamətdə konkret addımlar da atılıb. Belə ki, Avropa ölkələrində küçələrdə batareyanı dolduran nəqliyyat vasitələrinə rast gəlmək mümkündür. 
 
Tarixə müraciət etsək görərik ki, bu cür avtomobillər hələ XIX əsrin sonlarından istifadəyə verildi. Lakin onların benzin və ya dizellə işləyən avtomobillərlə xüsusən də sürət məsələsində rəqabətə davam gətirməməsi alıcı potensialına ciddi təsir etdi. Odur ki, istehsalçılar hələ tam elektrikləşmiş nəqliyyat vasitələrinə üstünlük verməyə tələsmirdi. Amma bu gün “Tesla Motors” şirkətinin istehsal etdiyi tam elektriklə işləyən Tesla Roadster adlı idman avtomobili 100 km məsafəni cəmi 3.9 saniəyə yığır. Bu isə avtomobil sənayesində inqilab deməkdir.

Əlavə edək ki, bu gün Nissan şirkətinin istehsalı olan və 107 at gücünə malik Leaf modeli ekologiyaya hər hansı zərər vurmadan çalışır və öz alıcılarını da məmnun edir. O ki qaldı tam elektrikləşmiş nəqliyyat vasitələrinə, müasir dünyamızda onlara da rast gəlmək mümkündür. Məsələn, İtaliya avtomobil istehsalçısı “Breda Menarinibus”un ZEUS modelinin elekrik mühərrikini bir dəfə doldurmaqla 120 kilometr məsafə qət etmək mümkündür. Belə avtobuslar əsasən şəhər daxilində ictimai nəqliyyat kimi istifadə olunur. Fransa, İtaliya kimi inkişaf etmiş ölkələrdə bu tipli avtobuslara tez – tez rast gəlmək mümkündür.

Lakin o da xüsusi qeyd olunmalıdır ki, ətraf mühiti yalnız avtomobil istehsalçıları deyil, hər kəs, o cümlədən də avtomobil alıcıları qorumalıdır. Çünki dünyanın məşhur avtomobil istehsalçıları, brend markalar belə yeni modellər hazırlayarkən ictimai marağı və rəyi nəzərə alırlar.

Odur ki, alıcılar avtomobil seçərkən təkcə onun sürəti, dizaynına deyil, ətraf mühitə vurduğu ziyana da mütləq fikir verməlidirlər. Yalnız bu yolla ictimaiyyət ekologiyanın qorunması prosesinə öz töhfəsini vermiş olar.

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər