RALLİ ÜZRƏ DÜNYA ÇEMPİONATINDA 2017-Cİ İL MÖVSÜMÜ BAŞA ÇATDI

Çempionatın Avtsraliyada keçirilən sonuncu, 13-cü mərhələsində qələbəni “Hyundai” təmsilçisi, belçikalı Tyerri Nevill bayram etdi. Pilot təyin olunan marşrutu 2 saat, 35 dəqiqə, 44.8 saniyəyə başa vurdu. “M-Sport” komandasının estoniyalı üzvü Ott Tanyak 2 saat, 36 dəqiqə, 07.3 saniyə göstərici ilə ikinci yeri tutdu. Finişə üçüncü çatan “Hyundai” kollektivinin daha bir nümayəndəsi Hayden Paddonun yekun göstəricisi isə 2 saat, 36 dəqiqə, 43.9 saniyə oldu.

Əlavə edək ki, çempionluğunu vaxtından əvvəl təmin etmiş Sebasyten Ojye Avtsraliyada 4-cü yerlə kifayətləndi. Beləliklə də, “M-Sport” komandasının fransalı pilotu karyerasında ardıcıl olaraq 5-ci dəfə ralli üzrə dünya çempionu adına layiq görüldü. Xatırladaq ki, S. Ojye 2013, 2014, 2015 və 2016-cı illərdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.     

Yeri gəlmişən, Böyük Britaniyanın “M-Sport” kollektivi də komandaların yarışında birinciliyi bayram etdi.

Qarşıda ralli azarkeşlərini 2018-ci il mövsümü gözləyir. Mövsümün ilk yarışı isə yanvarın 25-də Monte-Karloda start götürəcək.