QRASSİ MONREALDA BİRİNCİ OLDU

Kanadada Formula E üzrə Dünya Çempionatının mərhələ yarışı keçirilib. Monreal trassında təşkil edilən 11-ci mərhələnin nəticələrinə gəlincə, təyin olunan marşrutu birinci “ABT Schaeffler Audi Sport” komandasının təcrübəli təmsilçisi Lukas di Qrassi qət edib. İdmançı 28 dövrəni 56 dəqiqə, 55.592 saniyəyə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki yeri “TECHEETAH” kollektivinin nümayəndələri tutub.  Jan-Erik Vergne qalibdən 0.350 saniyə gec nəticə ilə ikinci, Stefan Sarrazin isə 7.869 saniyə geri qalmaqla üçüncü olub.

 

Monreal mərhələsi ilə bağlı fikirlərini bölüşən L. Qrassi bunları deyib: “Bu gün Formula E-də bizim günümüz oldu. Mən hazırda 28 xalla qarşınızda dayanmışam. Bu nəticənin əldə olunması isə elə də çətin deyil. İlk növbədə öz ətrafınızda hər kəsi qələbəyə ruhlandırın. Onları qələbəyə aparın. Bu gün biz üzərimizə düşən işi mükəmməl şəkildə yerinə yetirdik. Qarşıda isə bizi yeni mübarizə gözləyir və əsas məqsəd bu gün reallaşdırdığımız mükəmməl işi sabah da təkrarlamaqdır”.

 

11 mərhələdən sonra şəxsi nəticələrə gəlincə, pilotların ümumi sıralanmasında liderlik 175 xalla L. Qrassiyə məxsusdur. Renault e.dams”-dan Sebastyen Buemi 157 xalla ikinci yeri tutur. “DS Virgin Racing”dən Sem Byörd 110 xalla üçüncüdür.

 

Komandaların yarışında isə ilk üçlükdə müvafiq olaraq “Renault e.dams” (267 xal), “ABT Schaeffler Audi Sport” (234 xal) və “Mahindra Racing” (184 xal) kollektivləri qərarlaşır.