QAPALI YARIŞLAR

Qapalı yarışlar avtomobil idmanının hansısa konkret növü deyil. Bu, təşkilatçılığın sadəcə fərqli formasıdır. Belə ki, avtomobil idmanının bütün növləri üzrə keçirilən qapalı yarışlar daha çox klub və ya şirkət daxili turnirlərdir. Həmin yarışlar müxtəlif məqsədlər üçün təşkil olunur. Avtomobil istehsalçıları və ya avtomobil sənayesi ilə məşğul olan şirkətlər bu cür turnirləri daha çox öz markalarını reklam etmək məqsədilə keçirirlər. Məsələn, BRP-Rotax kart istehsalçısının təşkil etdiyi “Rotax Max Challenge” yarışı bu qəbildəndir.

Şirkətlərin və ya təşkilatların maraq göstərdiyi qapalı turnirlər əksər hallarda işçilər arasında münasibətləri möhkəmləndirmək, əməkdaşlara mübarizlik, komanda ruhu aşılamaq və bəzən də ağır iş rejimindən bir müddət ayrılıb, sadəcə aktiv istirahət etmək məqsədilə təşkil olunur. 

Lakin bu o demək deyil ki, həmin yarışlar yalnız həvəskarlar arasında keçirilir. Belə turnirlərə kifayət qədər nüfuzlu və professional pilotlar da qatılır. Buna Monako Qran-prisini və FIA-nın əməkdaşlığı ilə düzənlənən məşhur “Grand Prix De Monaco Historique” yarışını misal göstərmək olar.