Mixael Şumaxerin 50 illik yubileyində azarkeşlərə müraciət

Bu gün əfsanəvi pilot Mixael Şumaxerin 50 yaşı tamam olur. 1969-cu il yanvarın 3-ü Almaniyada anadan olan M. Şumaxer Formula 1-də debütünü 1991-ci ildə Belçika Qran-prisində edib. Karyerası ərzində 7 dəfə (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004) dünya çempionu, 2 dəfə vitse-çempion olub, 3 dəfə isə üçüncü yeri tutub. Təcrübəli pilot Formula 1 yarışlarında çoxsaylı rekordların müəllifi kimi də tarixə düşüb. Onun son çıxışı 2012-ci ildə Braziliya Qran-prisində qeydə alınıb. Xatırladaq ki, 2013-cü il, dekabrın 29-da Fransanın Alp dağlarında yerləşən Meribel kurort mərkəzində istirahət edən dünya şöhrətli idmançı dağ xizəyi trassında yıxılaraq başından ciddi xəsarət aldıqdan sonra karyerasına son qoymaq məcburiyyətində qaldı. Hazırda M. Şumaxer yataq xəstəsidir və sağlamlığını yenidən bərpa etmək uğrunda sözün əsil mənasında mübarizə aparır. Bununla belə, 6 ildir Formula yarışlarından kənar düşməsinə baxmayaraq azarkeşlər dünya çempionunu unutmur, onunla görüşməyə, son durumu haqqında hər hansı məlumat almağa can atır.

Məhz çoxsaylı marağı nəzərə alan Şumaxer ailəsi bu günlər növbəti dəfə Formula azarkeşlərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Mixaelin 50 yaşını qeyd etdiyi üçün bütün azarkeşlərə təşəkkür edirik. Şumaxerə hədiyyə olaraq Keep Fighting fondu virtual muzey də yaradıb. “Schumacher. The Official App” əlavəsi ilə fəaliyyət göstərəcək muzey idmançının ad günündə tamaşaçıların görüşünə gələcək. Ümid edirik ki, bu təşəbbüs azarkeşlərin xoşuna gələcək və M. Şumaxerin uğurlarını bir daha nəzərdən keçirmək və qiymətləndirmək baxımından mühüm önəm kəsb edəcək. Əmin olun, Şumaxer yaxşı əllərdədir. Ona kömək etmək üçün əlimizdən gələni edirik. Xahiş edirik, ilk növbədə Mixaelin istəyini nəzərə alaraq onun sağlamlığı ilə bağlı məlumatları gizli saxlamaq cəhdlərimizi anlayışla qarşılayın. Dəstəyə görə hər kəsə təşəkkür edir, Yeni 2019-cu ildə sizə xoşbəxtlik və can sağlığı arzulayırıq”.  

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər