LİDERLİK UĞRUNDA MÜBARİZƏ DAHA DA GƏRGİNLƏŞİR

Lyuis Hamilton vətəni Britaniyada keçirilən Formula 1 üzrə Dünya Çempionatının mərhələ yarışında qələbə qazandı. Doğma Silverstounda təşkil olunan mübarizədə pilot 1 saat 26.6 dəqiqə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və mövsümdə 4-cü, karyerası ərzində isə 57-ci qələbəsini rəsmiləşdirdi. Yeri gəlmişkən, L. Hamiltonun bu nəticəsi Silverstounda qeydə alınan rekord göstərici kimi də tarixə düşdü.

Digər nəticələrə gəlincə, ikinci yeri “Mercedes”in daha bir nümayəndəsi Valtteri Bottas (+14.063 s.) tutdu. İlk üçlüyü isə “Ferrari” təmsilçisi Kimi Raykkonen (39.570 s.) qapadı. 

Britaniya mərhələsindən sonra ümumi nəticəyə liderlik hələ də S. Fettelə məxsus olsa da, “Ferrari” təmsilçisinin 10-cu mərhələdə yalnız 7-ci yerlə kifayətlənməsi onunla L. Hamilton arasındakı xal fərqini də cəmi 1 xala endirdi. Hazırda almaniyalı pilotun 177, britaniyalı dünya çempionunun isə 176 xalı var. V. Bottas 154 xalla üçüncüdür.

Konstruktorlar yarışında liderlik hələ də 330 xalla “Mercedes” kollektivinə məxsusdur.

Mübarizə davam edir. İki həftədən sonra pilotlar 11-ci mərhələ çərçivəsində Macarıstanda bir araya gələcəklər.