KRİS MİK İSPANİYA RALLİSİNİN QALİBİDİR

İspaniyada klassik Ralli üzrə Dünya Çempionatının 11-ci mərhələsi keçirilib. Kataloniya dövrələrində təşkil olunan yarışda əsas mübarizə “Citroën” və “M-Sport” komandasının nümayəndələri arasında gedib. Birinciliyi isə britaniyalı pilot Kris Mik bayram edib. Marşrutu 3 saat, 1 dəqiqə, 21.1 saniyəyə qət edən “Citroën” təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki yerdə “M-Sport” kollektivindən Sebastyen Ojye (+28 s.) və Ott Tyanak (+33 s.) qərarlaşıb. 

11 mərhələdən sonra şəxsi nəticədə liderlik 198 xalla S. Ojyeyə məxsusdur. O. Tyanak 161 xalla ikinci, “Hyundai Motorsport”un belçikalı üzvü T. Nevill 160 xalla üçüncü pillədə qərarlaşır.

Növbəti mərhələ 26-29 oktyabr tarixlərində Böyük Britaniyada keçiriləcək.