İTALİYADA İNAMLI QƏLƏBƏ VƏ LİDERLİK MOVQEYİ

İtaliyada Formula 1 üzrə dünya çempionatının 13-cü mərhələsi təşkil olunub. 53 dövrədən ibarət olan yarışda “Mercedes” komandasının təmsilçiləri Lyuis Hamilton və Valtteri Bottas uğurlu çıxışla yadda qalıblar. Ən yüksək nəticəni isə britaniyalı pilot göstərib. L. Hamilton finiş xəttinə 1 saat, 15 dəqiqə, 32.310 saniyə nəticə ilə çatıb və bu göstərici ilə komanda yoldaşı V. Bottası 4.471 saniyə geridə qoyub. Bununla da mövsümdə 6-cı qələbəsinə imza atan dünya çempionu ümumi nəticədə də liderliyi ələ keçirib. Hazırda onun aktivində 238 xal var. Lakin şəxsi sıralamada ikinci olan, İtaliya mərhələsini isə 3-cü yerdə başa vuran “Ferrari” təmsilçisi Sebastyan Fettel (+36.317) britaniyalı rəqibindən yalnız 3 xal geri qalır. Bu isə o deməkdir ki, 15-17 sentyabr tarixlərində Sinqapurda keçiriləcək növbəti, 14-cü mərhələ yarışı özlüyündə daha gərgin və maraqlı mübarizə vəd edir. Amma mütəxəssislər V. Bottasın da imkanlarını yüksək qiymətləndirir. Belə ki, finlandiyalı sürücü hazırda 197 xalla ilk üçlükdə qərarlaşır və onun şəxsi nəticədə irəliləməsi üçün qarşıda hələ kifayət qədər mərhələ yarışı var.

 

Konstruktorların yarışında isə liderlik 435 xalla “Mercedes” kollektivinə məxsusdur.

 

Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, yarışdan sonra italiyalı azarkeşlər “Mercedes” təmsilçilərini fitə basıblar. Baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşən L. Hamilton bunları deyib: “İtaliyada bu cür reaksiyanı gözləmək olardı. Etiraf edim ki, bu illər ərzində belə münasibətlərə artıq adət etmişəm. “Ferrari” təmsilçiləri qələbə qazanmadığı halda azarkeşlər öz etirazlarını bildirirlər. Əgər Valtteri və mən bu mərhələdə çıxış etməsəydik yəqin ki, “Ferrari” qələbə qazanardı. Odur ki, biz bu gün azarkeşlərin gözündə zülmkar obrazındayıq. Amma belə vəziyyətlərdə zülmkar olmaq çox xoşdur. Ona görə də, özümü səbirli aparıram, azarkeşləri başa düşürəm və onların fikirlərinə də hörmətlə yanaşıram. Axı azarkeşlərin bu reaksiyası qırmızı maşınlara olan sevgidən irəli gəlir” – deyə L. Hamilton bildirib.