İndyCar: TEXASDA AMANSIZ MÜBARİZƏ, PARLAQ QƏLƏBƏ

Avtomobil aləminin ən maraqlı və gərgin yarışlarından sayılan, adətən çoxsaylı qəzalarla yadda qalan mübarizələrdən biri də IndyCar seriyalı turnirlərdir. Həmin seriyadan sayılan Rainguard Water Sealers 600 yarışı ABŞ-ın Texas ştatında təşkil olunub. Qələbə uğrunda amansz mübarizə ilə yadda qalan turnirdə lider 23 dəfə dəyişib, finişə birinci çatmağa çalışan pilotların əksəriyyəti isə ciddi qəza səbəbindən mübarizəni yarımçıq tərk etmək məcburiyyətində qalıblar. Nəticələrə gəlincə, fəxri kürsünün ən yüksək pilləsinə 248 dövrədən 180-də liderliyini qoruyub saxlayan və sonda da finişə birinci gələn “Penske” komandasının üzvü Uill Pauer qalxıb. İdmançı təyin olunan marşrutu 2 saat, 32 dəqiqə, 31.01 saniyəyə qət edib. Ondan 0.19 saniyə gec nəticə göstərən “Chip Ganassi Racing” kollektivinin təmsilçisi Toni Kanaan ikinci yeri tutub. Üçüncü yerin sahibi “Penske”nin daha bir nümayəndəsi Simon Pajeno (+0.37) olub. Mübarizə davam edir.