HAMİLTONDAN DAHA BİR UĞURLU ÇIXIŞ

Sinqapurda Formula 1 üzrə dünya çempionatının 14-cü mərhələsi keçirildi. Start xəttindən qəzalar və sonadək gərgin mübarizə ilə yadda qalan mərhələ yarışında ən yüksək nəticəni britaniyalı pilot Lyuis Hamilton göstərdi. “Mercedes” komandasının üzvü təyin olunan marşrutu 2 saat, 03 dəqiqə, 23.543 saniyəyə qət etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İkinci yeri qalibdən 4.507 saniyə gec nəticə ilə “Red Bull” təmsilçisi Daniel Rikkardo tutdu. Finlandiyalı Valtteri Bottas (+8.800) finiş xəttinə üçüncü çatdı.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında L. Hamilton bunları deyib: “İlk növbədə mükəmməl işə görə komandama təşəkkür edirəm. Bottas və Rikkardonun çıxışını xüsusi qeyd edə bilərəm. Onlar gərgin mübarizə aparırdılar. Hər şey mükəmməl idi. Lakin sonradan Fettelin bolidinin qəzaya uğradığını və geridə qaldığını gördüm. Hər halda, hadisələr bizim xeyrimizə yekunlaşdı”.

14 –cü mərhələdə əldə olunan qələbə L. Hamiltonun ümumi nəticədə liderliyini bir qədər də möhkəmlətdi. Hazırda dünya çempionunun aktivində 263 xal var. Sinqapur mərhələsində uğursuz çıxışla yadda qalan “Ferrari” təmsilçisi Sebastyan Fettel 235 xalla ikinci pillədə qərarlaşır. V. Bottasın 212 xalı var.

Növbəti mərhələ oktyabrın 1-də Malayziyanın Sepanq dövrələrində keçiriləcək.