HAMİLTON YAPONİYADA QƏLƏBƏ QAZANDI

Tədricən mövsümün sonuna yaxınlaşan Formula 1 üzrə Dünya Çempionatının daha bir mərhələsi başa çatdı. Yaponiyada təşkil olunan 16-cı mərhələdə birinciliyi “Mercedes” komandasının üzvü Lyuis Hamilton bayram etdi. 53 dövrədən ibarət marşrutda onun yekun nəticəsi 1 saat, 27 dəqiqə, 31.193 saniyə oldu. Bununla da britaniyalı dünya çempionu mövsümdə 8-ci qələbəsini rəsmiləşdirdi.

Digər iki yeri “Red Bull” komandasının təmsilçiləri, müvafiq olan Maks Ferstappen (+1.211) və Daniel Rikkardo (+9.679) tutdu.

Yaponiya mərhələsində əldə olunan qələbə L. Hamiltonun ümumi nəticədə liderliyini bir qədər də möhkəmlətdi. Hazırda onun aktivində 306 xal var və britaniyalı pilot bu nəticə ilə ən yaxın rəqibi Sebastyan Fetteli 59 xal qabaqlayır. Fərqin birdən - birə bu qədər böyük olmasına səbəb S. Fettelin Suzuka dövrələrində mübarizəni sonadək davam etdirə bilməməsidir. Sıralamada üçüncü yerdə irəliləyən Valtteri Bottasın 234 xalı var.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında L. Hamilton bunları deyib: “Komanda ideal çalışdı. Qələbənin əldə olunmasında kollektivin gərgin əməyinə borcluyam. Yaponiyada azarkeşlər də sonadək bizi dəstəklədi. Odur ki, bizi qələbəyə ruhlandıran azarkeşlərə təşəkkür etmək istərdim. Lakin qələbə elə də asan başa gəlmədi. Maks Ferstappen çox gözəl təsir bağışladı. Bir sözlə, birincilik uğrunda əsil mübarizə getdi”.

Konstruktorların yarışında da liderlik 540 xalla “Mercedes AMG Petronas F1 Team” kollektivinə məxsusdur.

Formula 1 üzrə Dünya Çempionatının növbəti mərhələsi gələn həftə Amerika Birləşmiş Ştatlarında keçiriləcək.