GECƏ AVTOMOBİL SÜRƏNLƏRƏ MƏSLƏHƏTİMİZ

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, son illər dünyada qeydə alınan yol nəqliyyat hadisələri daha çox axşam saatlarında baş verir. Statistikaya əsasən, gecələr yollarda yaşanan qəzalar gündüz saatlarına nisbətən 3 dəfə çox olur. İndiyədək belə qəzalarda həyatını itirən və ya xəsarət alan insanların sayı isə milyonlarladır.

Ümumiyyətlə isə, yol nəqliyyat hadisələri müxtəlif səbəblərdən baş verir. Həmin səbəblər sırasına ilk növbədə sürücü və piyada məsuliyyətsizliyi, avtomobildəki fənərlərin (faraların) nizamsız çalışması, ön və ya arxa fənərlərin, arxa stopların yanmaması, əyləc sisteminin düzgün çalışmaması, yol xətlərinin, yol nişanlarının, xüsusən də xəbərdarlıq lövhələrinin lazımı yerlərdə olmaması və s. aiddir.

Gecənin xeyrindənsə, sabahın şəri yaxşıdır

Mütəxəssislərin fikrincə, insan eşitdiyinə deyil, gördüyünə daha çox reaksiya verir. Gecə saatlarında isə hər kəsdə görmə məhdudiyyəti yaranır. Odur ki, havanın qaralması xüsusən  sürücülərin işini xeyli çətinləşdirir. Məhz bunun üçün ekspertlər görmə qüsuru olan, yaxud avtomobili eynəklə idarə edən sürücülərə axşam saatlarında şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyi məsləhət görür. Lakin gözdə zəiflik yalnız hər hansı xəstəlik zamanı deyil, yaşla da özünü göstərir. Belə ki, 30 yaşlı sürücü ilə 50 yaşlı sürücünün ani vəziyyətdə nümayiş etdirdiyi reaksiya, rəngləri düzgün müəyyən etmə və müşahidə qabiliyyəti eyni deyil. Həmin fərq xüsusən də axşam saatlarında daha qabarıq şəkildə ortaya çıxır.

Bundan əlavə, özünə və görmə qabiliyyətinə əmin olan sürücü belə gecə saatlarında baş verə biləcək hər hansı qəzadan sığortalanmayıb. Yaddan çıxarmayın ki, qəzalar yalnız sürücünün deyil, sərnişinlərin, eləcə də piyadaların məsuliyyətsizliyi üzündən baş verir. Məhz bu üzdən peşəkar sürücü yalnız yola baxmamalı, avtomobilin salonunda əyləşən sərnişinləri, yolu keçən piyadaları, hətta arxa, yan və ön hissədə hərəkət edən digər nəqliyyat vasitələrini belə nəzarətdə saxlamalıdır. Çünki siz yolda olarkən ümumi hərəkətin tərkib hissəsi sayılırsınız. Özünüzün və ya başqasının səhvinə vaxtında və düzgün reaksiya verməsəniz qəzadan qaçmaq mümkün olmayacaq.

Axşam avtomobil idarə etməyin digər təhlükəsi yuxusuzluqla bağlıdır. Təcrübə də göstərir ki, gecə qəzalarına səbəb daha çox yuxusuzluğun yaratdığı yorğunluqdur. Bütün bunlar sürücünün diqqətinə və cəldliyinə birbaşa təsir göstərir. Yekunda isə sadə vəziyyət qəza ilə nəticələnir. Nəzərə alın ki, yalnız sürücülər deyil, piyadalar da gecə vaxtı fikirli və yorğun olur. Məhz buna görə, avtomobili idarə edən şəxs daha diqqətli olmalı, əsas yolla hərəkət etsə də, digər sürücüləri və piyadaları gözləməli, ehtiyatı əldən verməməlidir.

Bir sözlə, sizə ən birinci məsləhətimiz oldur ki, “gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır” deyib, yola səhər saatlarında çıxın. Əgər axşam səfərindən yayınmaq mümkün deyilsə, məqalənin növbəti bölümündəki məsləhətlərə əməl edin.  

Faydalı məsləhətlər

Yadda saxlayın, sizin təhlükəsizliyiniz həm də avtomobilinizin texniki sazlığından asılıdır. Odur ki, “dəmir atı”nızı gecə səfərinə hazırlamalısınız. Bu zaman bəzi məsləhətlərə əməl etsəniz, peşiman olmazsınız:

 

1.      Yola çıxmazdan əvvəl avtomobilinizin işıqlarını: ön və arxa fənərləri (faraları), arxa stopları, dönmə işıqlarını yoxlayın, onların işlək vəziyyətdə olmasını dəqiqləşdirin. Fənərlərin üzəri çirklidirsə mütləq silin. Yadda saxlayın ki, öndən, yandan və ya arxadan gələn avtomobillər məhz sizin işıqlarınıza görə manevr edir.

2.      Avtomobilin qabaq, yan və arxa şüşələrini təmizləyin. Gecə saatlarında yola çıxan sürücü üçün ətrafı gömək, müşahidə aparmaq onsuz da çətinləşir. Buna çirkli şüşələr də mane olsa qəzanın baş vermə ehtimalı daha da artar.

3.      Avtomobil fənərlərinin (faraların) işığı düzgün bucaq altında yönləndirməsi də önəmlidir. Əks halda, siz yolu düzgün görə bilməyəcəksiniz və işığı əks istiqamətdə hərəkət edən sürücünün gözünə salmaqla onun yolu görməsinə mane olacaqsınız. 

4.      İşıqla bağlı digər önəmli məqam yaxın və uzaq işıqlardan düzgün istifadə etməkdir. Adətən sürücü yol boyu yaxın məsafəni görmək üçün nəzərdə tutulmuş işıqdan istifadə etməlidir. Yalnız qarşıda avtomobil olmazsa, uzaq işıqdan yararlanmaq mümkündür. Yadda saxlayın, peşəkar sürücü tək özünü deyil, digər sürücüləri də düşünməli, onların nəqliyyat vasitəsini idarə etməsinə mane olmamalıdır.

5.      Əgər əks istiqamətlə hərəkət edən avtomobilin sürücüsü işığını sizin gözünüzə salıbsa və yolu görməkdə çətinlik çəkirsinizsə, gözləriniz qamaşırsa, mütləq dönmə işığını yandırın və nəqliyyat vasitəsini yolun kənarına çəkib saxlayın. Yalnız özünüzə gəldikdən sonra avtomobili idarə etmək olar.

6.      Qarşı tərəfdən gələn avtomobilin işıqları güclüdür və sizin yolu görmənizdə müəyyən diskomfort yaradır. Lakin gözləriniz azacıq qamaşsa da, yolu görürsünuz. Bu zaman qarşıdakı nəqliyyat vasitəsinə deyil, yolun kənarına baxın, sürəti azaldın və avtomobilinizi tədricən yolun kənarına çəkin.

7.      Gecə saatlarında avtomobil idarə edərkən siqaret çəkməməyiniz məsləhətdir. Əvvəla, siqaret diqqətinizi yayındıra bilər. İkincisi, siqaretin tüstüsü qaranlıqda görməni daha da çətinləşdirir. Belə vəziyyətdə isə qəzanın baş vermə ehtimalı artır. Ümumiyyətlə isə, siqaret ümumən sağlamlığa ziyandır. 

8.      Axşam saatlarında avtomobili sürətlə idarə etmək qətiyyən olmaz. Əksinə, sürəti imkan daxilində azaldın və öndəki avtomobillə aranızda olan məsafəni artırın. İlk növbədə ona görə ki, qaranlıqda qarşıdakı avtomobilin sürətini və ara məsafəsini dəqiqliklə müəyyən etmək mümkün deyil. İkincisi, nə qədər peşəkar sürücü olsanız belə, axşama doğru insanın beyni və reaksiyası tədricən zəifləyir. Odur ki, sizdən öndə hərəkət edən nəqliyyat vasitəsi qəfil dayansa, reaksiyanız gündüz vaxtı olduğu kimi çevik olmayacaq. Bir sözlə, aşağı sürət və ara məsafəsi sizi arzuolunmaz hadisələrdən sığortalaya bilər.

9.      Uzun yola çıxmısınzsa tez – tez fasilələrə üstünlük verin. Avtomobili yol kənarında saxlayıb yemək yeyin, üzünüzü soyuq su ilə yuyun, hətta yüngül fiziki hərəkətlər edin. Əsas məqsəd yorğunluğu çıxarmaqdır.  

10.  Avtomobildə hər hansı problem yaranarsa, onu yolun kənarına çəkin və dərhal xəbərdarlıq işıqlarını yandırın. Daha sonra qəza üçbucağını quraşdırmağı da unutmayın. Qəza üçbucağı aydın görünməli və ərazidən asılı olaraq avtomobildən 30 və ya 150 metr uzaqlıqda olmalıdır.

Unutmayın, sizin təhlükəsiz hərəkətiniz həm də öz əlinizdədir. Odur ki, istər səhər, istərsə də axşam saatlarında avtomobil sürərkən ehtiyatlı olmalı, sürücü həmkarlarınıza, piyadalara hörmət etməli, nəqliyyat vasitəsini ümumi hərəkət tempinə uyğun idarə etməlisiniz. 

Yolunuz açıq olsun.