Formula E-də yenİ mövsüm

Elektrik mühərrikli bolidlərin yer aldığı Formula E çempionatının yeni mövsümü start götürdü. İlk iki mərhələ yarışı Çinin Honkonq bölgəsində təşkil olundu. Nəticələrə gəlincə, birinci yarışda finiş xəttini ilk olaraq “DS Virgin Racing” komandasının üzvü Sem Byörd keçdi. Pilot təyin olunan marşrutu 1 saat, 17 dəqiqə, 10.486 saniyəyə qət etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İkinci yeri “TECHEETAH” kollektivindən Jan-Erik Vern tutdu. Fransalı sürücü qalibdən 11.575 saniyə geri qaldı. “Mahindra Racing”in üzvü Nik Heydfeld isə 12.465 saniyə gec nəticə ilə ilk üçlüyü qapadı.

İkinci yarışa gəlincə, bu dəfə “Audi Sport Abt Schaeffler” komandasının pilotu Daniel Abt karyerası ərzində ilk dəfə Formula E seriyasında finiş xəttinə birinci çatsa da, bir neçə saatdan sonra çempionatın rəsmiləri onun bu nəticəsini ləğv etdilər. Səbəb kimi D. Abtın yarışın texniki və idman reqlamentini pozması göstərilir. Belə olan halda birinci yer və baş mükafat “Mahindra Racing”in daha bir nümayəndəsi Feliks Rozenkvistə təqdim olundu. “Venturi Formula E Team”in üzvü Edoardo Mortara 7.031 saniyə gec nəticə ilə ikinci yeri tutdu. “Panasonic Jaguar Racing” kollektivindən Mitç Evans isə (+10.619 s.) üçüncü yerlə kifayətləndi.

Beləliklə, iki mərhələdən sonra  pilotların ümumi sıralanmasında S. Byörd 35 xalla birinci, J. Vern 33 xalla ikinci, F. Rozenkvist 29 xalla üçüncü pillədə qərarlaşır.

Komandalar arasında isə ilk üçlüyü müvafiq olaraq “Mahindra Racing” (44 xal), “DS Virgin Racing” (41 xal) və “TECHEETAH” (33 xal) tutur.

Formula E çempionatının üçüncü mərhələsi yanvarın 13-də Mərakeşdə təşkil olunacaq.