FORMULA E-DƏ MÖVSÜMÜN QALİBİ LUKAS Dİ QRASSİ

Lukas di Qrassi Formula E üzrə Dünya Çempionu adını qazanıb. “ABT Schaeffler Audi Sport” komandasının braziliyalı pilotu çempionatın Monrealda keçirilən sonuncu, 12-ci mərhələsində 7-ci yerlə kifayətlənsə də, yekunda 181 xalla baş mükafata sahib çıxıb. İkinci yeri “Renault e.dams”dan Sebastyen Buemi tutub. Yeri gəlmişkən, S. Buemi də ümumi nəticədə ikinciliyini vaxtından əvvəl təmin etdiyindən sonuncu mərhələdə rəqiblərinə elə də ciddi müqavimət göstərməyib və finişə 11-ci çatıb. Dünya üçüncüsü isə “Mahindra Racing” kollektivinin təcrübəli üzvü Feliks Rozenqvist olub. İdmançı mövsüm ərzində aktivinə 127 xal yaza bilib.  

 

İlk altılıqda həmçinin müvafiq olaraq “DS Virgin Racing”dən Sem Byörd (122 xal), “TECHEETAH”dan Jan-Erik Vergne (117 xal) və “Renault e.dams”dan Niko Prost (93 xal) qərarlaşır.

 

Əlavə edək ki, sonuncu Monreal mərhələsinin qalibi də J. Vergne olub. İdmançı 12-ci mərhələni 54 dəqiqə, 12.606 saniyəyə qət edib.

 

Komandaların ümumi yarışında isə qələbəni 268 xalla “Renault e.dams” bayram edib.