Formula E-də 3-cü mərhələ başa çatdı

2017-2018-ci il mövsümü üzrə Formula E seriyalı yarışların üçüncü mərhələsi arxada qalıb. Mərakeşdə təşkil olunan mərhələ yarışında birinciliyi “Mahindra Racing” komandasının üzvü Feliks Rosenqvist bayram edib. Finiş xəttinə 48 dəqiqə, 04.751 saniyəyə çatan idmançı bununla da hesabına 25 xal yazmağı bacarıb. Bu qələbə F. Rosenqvisti ümumi nəticədə də liderliyə yüksəldib. Hazırda pilotun aktivində 54 xal var. Mərakeş mərhələsində “Renault e.dams” təmsilçisi Sebastyen Buemi qalibdən 0.945 saniyə geri qalmaqla ikinci yeri tutub. “DS Virgin Racing” kollektivinin nümayəndəsi Sem Byörd (+5.762 s.) isə üçüncü yerlə kifayətlənib.

3 mərhələdən sonra ümumi sıralamada digər iki yeri müvafiq olaraq S. Byörd (50 xal) və Jan-Erik Vern (43 xal) tutur.

Komandaların sıralanmasında isə ilk üçlükdə “Mahindra Racing” (75 xal), “DS Virgin Racing” (58 xal) və “TECHEETAH” (43 xal) qərarlaşır. Mübarizə davam edir.

Növbəti mərhələ fevralın 3-də ilk dəfə olaraq Çilidə keçiriləcək.