FORMULA E ÇEMPİONATININ YENİ TƏQVİMİ TƏSDİQLƏNDİ

Ümumdünya avtomobil federasiyası FİA yeni, 2017-2018-ci il mövsümü üçün Formula E seriyası üzrə yarışların təqvimini təsdiqləyib. Bu il dekabrın 2-dən start götürməklə 2018-ci il iyulun 29-na dək davam edəcək çempionat ümumilikdə 14 mərhələdən ibarətdir. Ən maraqlı məqamlardan biri isə odur ki, 60 ildən bir qədər çoxdur avtomobil yarışlarının keçirilmədiyi ölkə, İsveçrənin adı da siyahıya salınıb. Hələ 1955-ci ildə Le-Manda yaşanan faciədən sonra Fransa, İspaniya, İsveçrə, Almaniya və daha bir neçə ölkə avtomobil yarışlarının təşkilini qadağan etmişdi. Digər ölkələrdə bu qadağa tezliklə aradan qaldırsa da, İsveçrə uzun müddət bu qadağanı ləğv etmədi. Lakin 2015-ci ildə bu qərarda dəyişiklik edildi və yalnız tam elektrik mühərrikli avtomobillərin yarışına icazə verildi. Bununla, Formula E yarışlarının İsveçrədə təşkili üçün imkan yarandı. “Mən çox şadam ki, növbəti mövsümdən avtomobil yarışları yenidən İsveçrəyə qayıdır. 1955-ci ildə qəbul olunan qanunda edilən dəyişiklik FİA üçün böyük nailiyyətdir. Bu işdə əli olan hər kəsi təbrik edirəm” – deyə FİA prezidenti Jan Todt bildirib

Əlavə edək ki, Formula E yarışlarının ilk iki mərhələsi Çində, Honkonq dövrələrində təşkil olunacaq. Mövsümə isə Kanadada yekun vurulacaq.