FORMULA 2 PİLOTLARI DA MACARISTANDA ƏN GÜCLÜNÜ MÜƏYYƏN ETDİ

Macarıstanda Formula 2 pilotları arasında təşkil olunan mərhələ yarışı da kifayət qədər maraqlı və gərgin anlarla yadda qalıb. İştirakçılar 28 dövrədən ibarət marşrutda bacarıqlarını sınayıblar. Birinciliyi isə Nobuharu Matsuşita bayram edib. “ART Grand Prix” komandasının pilotu marşrutu 44 dəqiqə, 52.900 saniyəyə qət etməklə baş mükafata sahib çıxıb. Onun ən yaxın izləyicisi, “DAMS” kollektivinin təmsilçisi Oliver Rouland qalibdən 4.307 saniyə geri qalmaqla ikinci yeri tutub. İlk üçlüyü “Rapax”dan Nik De Vries qapayıb. İdmançının yekun nəticəsi 45 dəqiqə, 00.043 saniyə olub.

Ümumi nəticədə liderlik Çarles Lekrekə məxsusdur. “PREMA Racing” kollektivinin təmsilçisi Macarıstanda 4-cü olmasına baxmayaraq, aktivində 208 xalla birinciliyi hələ də qoruyub saxlayır. O. Rouland 158 xalla ikincidir. Üçüncü yerdə qərarlaşan “RUSSIAN TIME” komandasının pilotu Artyom Markelov 123 xal toplaya bilib.

Komandaların yarışında isə “DAMS” 273 xalla birinci, “PREMA Racing” 227 xalla ikinci, “RUSSIAN TIME” 218 xalla üçüncüdür.

Mübarizə davam edir. Gənc pilotlar avqustun 27-də Belçikada bacarıqlarını nümayiş etdirəcəklər.