FORMULA 2-NİN 2018-Cİ İL ÜÇÜN TƏQVİMİ AÇIQLANIB

Formula 2 seriyalı yarışın təşkilatçıları yeni, 2018-ci il mövsümünün təqvimini açıqlayıblar. Təqvim 12 mərhələdən ibarətdir və bütün mərhələlər Formula 1 yarışları ilə paralel şəkildə keçiriləcək. Yarışın 8 mərhələsi Avropa qitəsində təşkil ediləcək. Mövsümə 6-8 aprel tarixlərində Bəhreyndə start veriləcək. Elə həmin ayın sonu gənc pilotlar Azərbaycanda, paytaxt Bakıda toplaşacaqlar. Son mərhələ isə 23-25 noyabr tarixlərində Abu-Dabidə təşkil olunacaq.

 

Formula 2-nin icraçı direktoru Bruno Mişel yeni mövsümlə bağlı bunları deyib: “Formula 2-nin 12 mərhələdən ibarət olması, üstəlik Formula 1-lə paralel şəkildə keçirilməsi istər yarışlara olan marağın artırılması, istərsə də gənc pilotların hazırlığı baxımından mühüm önəm kəsb edir. 2018-ci il mövsümünə iki yeni mərhələ də əlavə olunub. Bunlar Le-Kastelle və Soçi mərhələləridir. Ümid edirəm ki, Formula 2 yarışı yeni mövsümdə də gərgin mübarizə və maraqlı nəticələrlə yadda qalacaq”.