Formula 1-İn Azərbaycan mərhələsİ başa çatdı

Qədimliyin və müasirliyin harmoniyası – Bakı sayca üçüncü dəfə Formula 1 üzrə Dünya Çempionatının mərhələ yarışını qəbul etdi. Aprelin 29-da təşkil olunan final çıxışlarında azarkeşlər yenə də olduqca maraqlı və gərgin mübarizənin şahidi oldular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxdılar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və açılış mərasimi keçirildi.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət edilir.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Samirə Əfəndi ifa etdi.

Azərbaycan himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Finalda hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Həlledici mərhələdə qeydə alınan nəticələrə gəlincə, gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci “Mersedes” komandasının britaniyalı pilotu, dünya çempionu Luis Hamilton çatdı. “Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci (+2.460), “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü oldu (+4.024).

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raykkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Xatırladaq ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Əlavə edək ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycanda qazandığı qələbə sayəsində xalların sayını 70-ə çatdıran L. Hamilton ümumi nəticədə liderliyi ələ keçirdi. Almaniyalı Sebastyan Fettel 66 xalla ikinci, finlandiyalı Kimi Raykkonen isə 48 xalla üçüncüdür.

Konstruktorların yarışında isə ilk üçlükdə müvafiq olaraq “Scuderia Ferrari” (114 xal), “Mercedes AMG Petronas Motorsport” (110 xal) və “Aston Martin Red Bull Racing” (55 xal) qərarlaşır.

Formula 1 üzrə Dünya Çempionatının növbəti, 5-ci mərhələsi İspaniyada təşkil ediləcək.

 

Azərbaycan Qran-prisinin nəticəsi (IV mərhələ)

 

1 Lyuis Hamilton Mercedes
2 Kimi Raykkonen Ferrari +2.460
3 Serxio Perez Force India +4.024
4 Sebastyan Fettel Ferrari +5.329
5 Karlos Saynz Renault +7.515
6 Çarlz Leklerk Sauber +9.158
7 Fernando Alonzo McLaren +10.931
8 Lans Stroll Williams +12.546
9 Stoffel Vandoorn McLaren +14.152
10 Brendon Hartli Toro Rosso +18.030
11 Markus Eriksson Sauber +18.512
12 Pyer Qasli Toro Rosso +24.720
13 Kevin Maqnussen Haas +30.663
14 Valtteri Bottas Mercedes 3 laps
- Romain Qrojan Haas DNF

- Maks Ferstappen Red Bull DNF

- Daniel Rikkiardo Red Bull DNF

- Niko Hülkenberq Renault DNF

- Esteban Okon Force-India DNF

- Sergey Sirotkin Williams DNF

 

Pilotların şəxsi nəticəsi

1. L. Hamilton      70 xal

2. S. Fettel            66 xal

3. K. Raykkonen 48 xal

4. V. Bottas                   40 xal

5. D. Rikkardo     37 xal

6. F. Alonzo                   28 xal

 

Konstruktorların nəticəsi

1. Scuderia Ferrari                                      114 xal

2. Mercedes AMG Petronas Motorsport    110 xal

3. Aston Martin Red Bull Racing               55 xal

4. McLaren F1 Team                                  36 xal

5. Renault Sport Formula One Team                   35 xal

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər