Formula 1-də rekord göstərİcİ

Formula 1 dünyasında 2018-ci il mövsümü həm də azarkeş sayı baxımından rekord göstərici ilə yadda qaldı. Belə ki, ötən mövsüm Qran-pri yarışlarını ümumilikdə 4 mln. 093 min 305 azarkeş tribunadan izləyib. Konkret mərhələlər üzrə gəlincə, Böyük Britaniya Qran-prisi azarkeşlərin sayına görə siyahıya liderlik edir. Məşhur Silverstounun tribunalarını həftə sonu 340 min insan ziyarət edib. Meksika Qran-prisi 334 min 946 nəfərlə ikinci, Avstraliya mərhələsi isə 295 min ziyarətçi ilə üçüncü yeri tutur. Liderlər siyahısında həmçinin ABŞ (264 min 160 nəfər), Sinqapur (263 min nəfər), Belçika (250 min nəfər) və Macarıstan (210 min nəfər) Qran-priləri yer alır.

Beləliklə, 2018-ci il ərzində Formula 1 yarışlarının bir mərhələsini orta hesabla 194 min 919 nəfər tribunadan izləyib. Bu isə 2017-ci illə müqayisədə 2.7% çoxdur. Azarkeş sayı baxımından fərqlənən ölkələr sırasında Azərbaycanın da adı var. Belə ki, ötən il Azərbaycan Qran-prisini əvvəlki illərlə müqayisədə 31.6% çox tamaşaçı ziyarət edib. Həmçinin artım Avstriya (+27.6%), Yaponiya (+20.4%) və Kanada (+11.4%) mərhələlərində də qeydə alınıb.  

Əgər konkret olaraq bazar günü tribunalara axışan azarkeşlərin sayına nəzər salsaq, bu, 1 mln. 702 min 959 azarkeş (hər yarışa orta hesabla 81 min 093 nəfər) deməkdir. Həmin rəqəmi trasslar üzrə qruplaşdırsaq burda da Silverstoun liderlik edir – 140 min 500 nəfər. Meksika (135 min 407) ikinci, Ostin (111 min 580) üçüncü yerdə qərarlaşır.

“Bu rəqəmlər Formula 1-i digər yarışlardan əsaslı şəkildə fərqləndirir. Mübarizəyə olan marağı ortaya qoyur. Bununla yanaşı, Formula 1 hələ tam potensialını nümayiş etdirməyib. Odur ki, gələcəkdə azarkeşlərlə daha çox və daha gərgin işləməyi planlaşdırırıq” deyə Formula 1-in kommersiya direktoru Şon Bratçes bildirib.  

Mütəxəssislər avtomobil aləminin ən nüfuzlu yarışında qeydə alınan göstəriciləri futbolla da müqayisə ediblər. Məlum olub ki, futbol üzrə Almaniya çempionatının hər oyununu orta hesabla 44 min 657, Çempionlar Liqasını 26 min 630 nəfər, Rusiyada keçirilən futbol üzrə son dünya çempionatını 47 min 371 nəfər, Lujniki stadionunda təşkil edilən mundialın final matçını isə 78 min 011 nəfər ziyarət edib.            


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər