FETTEL MACARISTANDA BİRİNCİ OLDU

Formula 1 üzrə Dünya Çempionatının 11-ci mərhələsi başa çatıb. Macarıstanda təşkil olunan yarışda ən yüksək nəticəni “Ferrari ” komandasının təmsilçiləri göstərib. Fəxri kürsünün ən yüksək pilləsinə isə almaniyalı pilot Sebastyan Fettel qalxıb. İdmançı təyin olunan marşrutu 1 saat, 39 dəqiqə, 46.713 saniyəyə qət edib. Onun komanda yoldaşı Kimi Raykonen qalibdən 0.908 saniyə geri qalmaqla ikinci yeri tutub. Qələbəyə iddialı pilotlardan sayılan “Mercedes” təmsilçiəri Valtteri Bottas (+12.462 s.) və Lyuis Hamilton (+12.885 s.) isə bu dəfə yalnız 3-cü, 4-cü yerlə kifayətləniblər.

Macarıstanda uğurlu çıxışla mövsümdə 4-cü qələbəsinə imza atan S. Fettel liderlik mövqeyini daha da möhkəmlədib. Hazırda onun aktivində 202 xal var. L. Hamilton 188 xalla ikinci pillədə qərarlaşır. Üçüncü yerin sahibi 169 xalla finlandiyalı V. Bottasdır. Konstruktorların yarışında isə birincilik 357 xalla “Mercedes AMG Petronas” komandasına məxsusdur. Mübarizə davam edir. Qarşıda daha 9 mərhələ var. Dünya Çempionatının 12-ci mərhələsi avqustun 27-də Belçikada keçiriləcək.